Səkkiz yaşlı Mina Abbasova növbəti dəfə beynəlxalq turnirin qalibi olub
Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib.

Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə ölkəmizi yenə də Macarıstanda yaşayan həmyerlimiz – səkkiz yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək, ikinci yerə layiq görülüb və gümüş medal qazanıb.

Balaca gimnastımız bundan öncə fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində keçirilən “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışmasının qızıl medalına sahib olmuşdu. Beləliklə bu, fevral ayında Mina Abbasovanın qazandığı ikinci böyük qələbəsidir.

Qeyd edək ki, 200-dək iştirakçının qatıldığı budəfəki yarışda Mina Abbasova ikiqat Asiya çempionu, Rusiya və Özbəkistanın beynəlxalq səviyyəli idman ustası Elizaveta Nazarenkonun ustad dərslərində də iştirak edib. Ustad məşqçi balaca gimnastın imkanlarının çox böyük olduğunu xüsusi olaraq vurğulayıb.

Balaca gimnastın ən böyük arzusu doğma Azərbaycanı dünya və olimpiya çempionatlarında təmsil etmək və bayrağımızı zirvələrə qaldırmaqdır.

Xəbər 889 dəfə oxundu.