Astaralı idmançılar ölkə birinciliyindən qızıl medalla qayıdıblar
Astaralı idmançılar “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən sərbəst güləş üzrə yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan birinciliyində uğurla çıxış ediblər.

Beş gün davam edən yarışda Astara rayonunun Vaqo kənd tam orta məktəbinin şagirdi Ramiq Heybətov 48, Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbinin şagirdi Məhəmməd Əliyev 71 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İdmançıları yarışa Astara Olimpiya İdman Kompleksinin sərbəst güləş üzrə məşqçisi Nizami Axundov və Ərçivan Güləş Məktəbinin məşqçisi Samir İmaməliyev hazırlayıblar.

Hər iki astaralı idmançı sərbəst güləş üzrə milli yığma komandanın tərkibinə daxil edilib.

Fevralın 27-də Astara rayon gənclər və idman idarəsində ölkə birinciliyində uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Astara rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri Tural Eyvazov və Tamerlan Abdulov gənc idmançıları Azərbaycan birinciliyində qazandıqları böyük nailiyyət münasibətilə təbrik edərək onlara yeni qələbələr arzulayıblar.

Çıxış edənlər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışaraq Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndiriblər.

Sonda ölkə birinciliyində qızıl medal qazanmış idmançılara və onların məşqçilərinə qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 920 dəfə oxundu.