Bahadırlarımız Braziliya, İspaniya və Özbəkistana qarşı
Çinin Tayuan şəhərində keçirilən London Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya təsnifat turnirinin son günündə güləşçilərimiz daha 4 lisenziya qazana bilər. İdman.com.az saytının məlumatına görə, yunan-Roma güləşində Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq), qadınların mübarizəsində Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) xalça üzərinə çıxacaqlar. Təmsilçilərimizin ilk rəqibləri Braziliya, İspaniya və Özbəkistan güləşçiləridir.

Xatırladaq ki, reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanır. Bu günə qədər güləşçilərimiz Yay Olimpiya Oyunlarına 12 lisenziyanı artıq təmin edib.

4-6 mayda Finlandiyanın Vantaa şəhərində olimpiya oyunlarına güləş üzrə lisenziya verən sonuncu dünya təsnifat turniri keçiriləcək. Bu turnirdə isə, yalnız finalçılar lisenziya qazana biləcək.

96 kq 1/16 final - ACHKASOV, Evgeniy (UZB) - SHALVA, Qadobadze (AZE)
120 kq 1/8 final - MESSOD, Hashimzade (AZE) - ABOU JAOUDE, Antoine Braga (BRA)
63 kq 1/16 final - MENDEZ MAYO, Maria Teresa (ESP) - BELIAYEVA, Hanna (AZE)
72 kq 1/16 final - DA SILVA FERREIRA, Aline (BRA) - PALAMARCHUK, Nataliya (AZE)


Xəbər 1012 dəfə oxundu.