Prezident İlham Əliyev: Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz artırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Real televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. Müsahibədə dövlət başçısı ölkənin sosial-iqtisadi həyatı, daxili və xarici siyasəti ilə yanaşı, uğurla təşkil edilən mötəbər beynəlxalq idman yarışlarının əhəmiyyətindən də söz açıb:

- Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır. Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox.




Xəbər 1374 dəfə oxundu.