Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna iki oyunla yekun vurulacaq.

Turun ikinci günün ilk oyunu “Bakcell Arena”da keçiriləcək. On səkkizinci turun mərkəzi qarşılaşmasında turnir cədvəlinin hazırkı lideri “Neftçi” doğma azarkeşlər önündə üçüncü pillədə qərarlaşan “Səbail” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi görüş 16:00-da başlayacaq.

Hər iki kollektiv ilk oyun günündə “Qarabağ”ın “Sabah” klubu ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək xal itirməsindən faydalanmağa çalışacaq. Hazırda “ağ-qaralar” Ağdam təmsilçisi kimi 38 xala malik olsalar da, şəxsi oyunlardakı üstünlükləri səbəbindən 1-ci pillədə yer alıblar. Bayıl təmsilçisi isə 27 xalla 3-cü pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, “Neftçi” qələbə qazansa, ən yaxın izləyicisindən 3 xal aralanaraq, vahid lider olacaq. “Səbail” qalib gələcəyi təqdirdə isə şərikli liderlərlə xal fərqini 8-ə endirəcək və 4-cü pillədəki “Qəbələ”ni 6 xal geridə qoyacaq.

Flaqman bu matça itki ilə çıxacaq. Mərkəz müdafiəçisi Kirilo Petrov sarı vərəqə limitini doldurduğu üçün forma geyinməyəcək. Onun mövqeyində zədəsini sağaldan Ruslan Abışov və ya yeni transfer Petru Rakunun oynayacağı gözlənilir.

İki komanda indiyədək 6 dəfə üz-üzə gəlib. Bunların 5-də “Neftçi”, 1-də isə “Səbail” qalib gəlib. Topların nisbətində üstünlük də “ağ-qaralar”ın tərəfindədir - 15:2. Flaqman məhz son 5 görüşünü qələbə ilə başa vurub və üstəlik, ev oyunlarında xal itirməyib.

Turun son görüşü “Kapital Bank Arena”da baş tutacaq. “Zirə” səfərdə “Sumqayıt”la münasibətlərə aydınlıq gətirəcək.

“Sumqayıt” mövsümün ikinci yarısına 3 məğlubiyyətlə, “Zirə” isə bütün mümkün nəticələrlə başlayıb. Turnir cədvəlinin son 2 pilləsindəki klubların duelindən qalib ayrılacaq tərəf 6-cı pilləyə yüksələcək. Hazırda “Sumqayıt”ın 15, “Zirə”nin isə 14 xalı var. İlk oyun günündə “Keşlə” səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə edərək, xallarını 16-ya çatdırıb və yenə 6-cı pillədə yer alıb.

“Zirə” və “Sumqayıt” Azərbaycan Kubokunun yarımfinalında da qarşılaşacaq. Premyer Liqada isə onlar 15-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 14 oyunun 4-də “gənclik şəhəri”, 7-də qəsəbə təmsilçisi qalib olubsa, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “Zirə” öndədir - 18:12. Lakin “Sumqayıt” 7 oyundur meydanı qolsuz tərk etmir. Digər tərəfdən, son 9 qarşılaşmada meydan sahibi olan klub qol vurub.

Xatırladaq ki, tur fevralın 23-də start götürüb. “Qarabağ” səfərdə “Sabah”la (1:1), “Qəbələ” isə öz meydanında “Keşlə” ilə (0:0) heç-heçə edib.

Xəbər 762 dəfə oxundu.