Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib
Fevralın 21-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə “Hilton” otelində Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, dövlət və hökumət rəsmiləri, həmçinin Avropa ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, Olimpiya mədəniyyəti və təhsil proqramına həsr olunmuş film nümayiş etdirilib.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin Avropa Gənclərinin Yay Olimpiya Festivalına 150 gün qalmasına həsr olunduğunu bildirib. O qeyd edib ki, Avropada yeni layihə olan Olimpiya mədəniyyəti və təhsil proqramı Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə hazırlanıb. Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin böyük əhəmiyyət kəsb etdiyini bildirən vitse-prezident artıq qitənin 25 ölkəsinin bu layihəyə qoşulduğunu qeyd edərək deyib: “Bu qəbildən tədbirlər Olimpiya Oyunlarında, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında məktəblilərin iştirakı əvvəllər də təşkil edilib. Ancaq Avropa festivalları tarixində belə bir layihə ilk dəfə həyata keçirilir. Bununla əlaqədar ekspert qrupu yaradılıb. Yaxşı olar ki, xarici ölkələrin diplomatik nümayəndələri öz ölkələrində bu proqramın yayılmasına, gənclərin bu layihəyə cəlb edilməsinə dəstək versinlər”.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın mötəbər idman tədbirlərinə, o cümlədən birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, Formula 1 yarışlarına, Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyib. O əmin olduğunu bildirib ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı da ölkəmizdə yüksək səviyyədə təşkil ediləcək. “Bu gün önəmli bir gündür. Festivalın başlanmasına 150 gün qalır. Bu qısa müddətdə görüləcək çox iş var. Əminik ki, bu mötəbər idman tədbiri də ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Bu gün Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman yarışının talismanları olan Cırtdan və Bəbir ictimaiyyətə təqdim edilib. Maskotlar cəmiyyətdə böyük maraqla qarşılanıb”, - deyə nazir vurğulayıb.

Nazir əminliklə bildirib ki, talismanlar 25 illik ənənəsi olan çoxnövlü mötəbər idman yarışında - Avropa Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə ilhamlandıracaq, azarkeşlərə xoş anlar bəxş edəcəklər. Azad Rəhimov xüsusi vurğulayıb ki, Avropa Olimpiya Komitəsinə üzv olan 50 ölkədən 49-u Festivalda iştirakını artıq təsdiq edib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan dövlətinin ölkəmizdə digər sahələrlə yanaşı, idmana da yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. O, Olimpiya mədəniyyəti və təhsil proqramının Azərbaycanda idmanın və təhsilin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir bu proqramın əsas məqsədinin Avropa ölkələrində yeniyetmə və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi, idmanın, təhsilin, mədəniyyətin, eləcə də Olimpiya hərəkatının təbliği olduğunu bildirib.

“layihə çərçivəsində seçilən 49 məktəbin hər biri Avropanın bir ölkəsinə təhkim olunub. Bakı məktəbləri təhkim olunduqları Avropa ölkəsinin mədəniyyəti, tarixi, milli və müasir idman növlərini öyrənəcək, həmçinin qardaşlaşmış məktəblərə Azərbaycan mədəniyyəti, incəsənəti, idmanı haqqında məlumat vermək imkanı əldə edəcəklər”, - deyə təhsil naziri əlavə edib. Festivalda üç minə yaxın könüllünün iştirak edəcəyini bildirən C.Bayramov bu mötəbər idman yarışının ölkəmizdə könüllülük hərəkatının inkişafına da müsbət təsirini vurğulayıb.

Təqdimat mərasimi konsert proqramı ilə davam edib.

Olimpiya mədəniyyəti və təhsil proqramı Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı irsi çərçivəsində keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında təhsili, mədəniyyəti, idmanı və Olimpiya dəyərlərini təşviq etməkdir.

Xəbər 258 dəfə oxundu.