AzVİF-in mühərriksiz nəqliyyat vasitələrindən istifadə sahəsində apardığı təbliğat yüksək qiymətləndirilib
Dünya Bankı Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artmasında maraqlıdır və bu istiqamətdə xüsusi təkliflər paketi hazırlayır. Bununla əlaqədar mərkəzi ofisi Danimarkada yerləşən ekoloji sahə üzrə ixtisaslaşmış konsaltinq qrupu “COWI” şirkətinin nümayəndələri mövcud durumu öyrənmək üçün ölkəmizdədirlər.

Azsport.az Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) istinadla xəbər verir ki, Şirkətin baş mütəxəssisi Henrik Qrill keçirdiyi görüşlər çərçivəsində federasiyada olub. Qonağa son illər ərzində velosipeddən istifadə hallarının xeyli artması barədə məlumat verən AzVİF-in baş katibi Fərhad Əliyev federasiya tərəfindən həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin böyük fayda verdiyini deyib. Baş katibin sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na “Velosiped zolaqlarının və duracaqlarının yaradılması” haqda bəndin salınması dövlətin bu sahənin inkişafında maraqlı olduğunun daha bir göstəricisidir. Üstəlik, Azərbaycanın öz milli velosiped brendinin olması da ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsindən istifadənin artmasını şərtləndirən amillərdəndir.

“COWI” şirkətinin baş mütəxəssisi Henrik Qrill federasiyanın həyata keçirdiyi təbliğat işlərini yüksək qiymətləndirərək Azərbaycanda olacağı müddət ərzində bir sıra dövlət qurumları ilə görüşlər keçirdiyini və müzakirələrin qarşıdakı günlərdə də davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd mühərriksiz nəqliyyat vasitələrinin istifadəsini genişləndirməkdir. Bununla bağlı xüsusi təkliflər hazırlanıb Azərbaycan hökumətinə təqdim ediləcək.

Xəbər 1148 dəfə oxundu.