Araz Abdullayev: “Neftçi” Yunanıstan çempionatında rahatlıqla ilk dördlüyə düşə bilər - MÜSAHİBƏ
“Neftçi”nin yetirməsi Araz Abdullayev Azərbaycana qayıdıb. İcarə əsasında Yunanıstanın “Panionios” klubunda çıxış edən gənc futbolçu “ağ-qaralar”ın rəsmi saytına müsahibə verib. İdman.com.az -ın məlumatına görə, yarımmüdafiəçi Super Liqadakı çıxışı və gələcək karyerası ilə bağlı sualları cavablandırıb.

- “Panionios”dakı çıxışın haqqında nə deyə bilərsiz?
- Bildiyiniz kimi qış fasiləsində istirahət etmək və təlim-məşq toplanışında iştirak etmək imkanım olmadı. Dekabr ayında dərhal Yunanıstana yollandım və oyunlarda iştirak etdim. Fikrimcə yaxşı alındı. Bir çox oyunlarda meydana start heyətdə çıxdım. Zədələri nəzərə almasaq elə bir problem olmadı. Komandamızın baş məşqçisi taktiki dəyişikliklər etdiyindən bəzən əvəzlənir, yaxud ehtiyatda qalırdım. Bununla belə uğurlu mövsüm keçirdiyimi və ən önəmlisi təcrübə qazandığımı düşünürəm.

- Azərbaycan Premyer Liqası ilə Yunanıstan çempionatını necə müqayisə edərdiniz?
- Yunanıstan çempionatında Avropa təcrübəsi olan klublar mübarizə aparır. Bu komandalar hər il Avrokuboklarda çıxış edərək güclənir. “Olimpiakos” və “Panatinaikos” kimi komandalara qarşı oyunlarda iştirak etmişəm. Təbii ki, belə rəqiblər olan çempionatda daha sürətli futbol nümayiş etdirməlisən. Azərbaycan çempionatını maraqla izləyirəm. Bilirəm ki, “Neftçi” çempionluğa çox yaxındı. Ölkə kubokunda da komandamız finala çıxıb. Sevinirəm ki, bunda mənim də, az da olsa payım var. Ümumiyyətlə “Neftçi” hazırkı vəziyyətdə Yunanıstan çempionatında rahatlıqla ilk dördlüyə düşə bilər.

- Fiziki cəhətdən “artırdığın” elə zahiri görünüşündən də hiss olunur. Burada məşqlərə nə zaman başlayırsan?
- Təbii ki, Yunanıstan çempionatının oyunlarında daha çox yüklənirsən. Məşqlərimiz daha intensiv və gərgin keçir. İndi istirahətə buraxılmışıq. Bir müddətdən sonra burada “Neftçi” ilə məşqlərə başlayacam. Təbii ki, karyeramı ölkə xaricində davam etdirmək niyyətindəyəm. Klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirmək istəyirəm. Çünki Avropa təcrübəsi qazanmağıma şərait yaradan “Neftçi” rəhbərliyi oldu. İnanıram ki, “Neftçi” bu il də Çempionlar Liqasında mübarizə aparacaq və əgər klub rəhbərliyi və məşqçilər heyəti lazım bilsə komandama kömək etməyə hazıram.

- Milli komandada oynamaq üçün özünü hazır hesab edirsiz?
- “Everton” klubu ilə müqaviləm var. İşçi vizasının olmaması səbəbindən İngiltərədə oynaya bilmirəm. Bu vizanı almaq üçün millinin heyətində oyunlara çıxmalıyam. Həm də bütün futbolçular kimi mənim üçün də millidə oynamaq şərəfdir. Dəvət olunan kimi canla-başla oynamağa hazıram. Özümü buna tam hazır sayıram.

Xəbər 1033 dəfə oxundu.