Güləş üzrə Azərbaycan çempionatının birinci gününün qalibləri müəyyənləşib
Fevralın 19-da sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürüb.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən çempionatın birinci günündə 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində 200-ə yaxın yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.

Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, mükafatçılar müvafiq yığmalara cəlb olunaraq Azərbaycanı Avropa və dünya çempionatları ilə yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalında təmsil edəcəklər.
Açılış mərasimindən sonra medal görüşlərinə start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təvəkkül Həziyev (45 kq), Məlik Əliyev (48 kq), Elmir Əliyev (51kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq) və Allahverdi Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionata fevralın 23-də yekun vurulacaq.

Xəbər 846 dəfə oxundu.