“Strandja” turnirində iki boksçumuz yarımfinala yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada fevralın 14-də start götürən boks üzrə ənənəvi “Strandja” turnirinin dörddəbir final mərhələsinə yekun vurulub.

43 ölkədən 360 idmançının qatıldığı yarışda Azərbaycan millisinin iki üzvü yarımfinala vəsiqə qazanıb.

Serbiyalı Vladan Babiçi 4:1 hesabı ilə məğlub edən Məhəmməd Abdullayev (+91 kq çəki dərəcəsi) yarımfinal mərhələsində amerikalı Riçard Torreslə üz-üzə gələcək. M.Abdullayevlə yanaşı, Aynur Rzayeva (75 kiloqram) da yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. O, dörddəbir finalda italiyalı Cessika Qalizyadan üstün olub – 4:1. A.Rzayeva da yarımfinalda ABŞ təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi Naomi Qraham olacaq.

Digər boksçumuz Rüfət Hüseynov (49 kiloqram), Kamran Şahsuvarlı (75 kiloqram), Rauf Rəhimov (81 kiloqram) və Anaxanım Ağayeva (51 kiloqram) isə medalın bir addımlığında büdrəyiblər. Onlar dörddəbir finalda müvafiq olaraq, Səid Mortaji (Mərakeş), Serhat Gülər (Türkiyə), Uke Smajli (İsveçrə) və İriş Maqnoya (Filippin) uduzublar.

Yarımfinal mərhələsinin döyüşləri fevralın 18-də baş tutacaq. Turnirə fevralın 20-də yekun vurulacaq.

Xəbər 919 dəfə oxundu.