“Tokio-2020": Su üzərində əsas seçim meyarları
Əsas təsnifat yarışlarının süzgəcindən kimlər və necə keçəcək


Tokio Olimpiadasına aparan yolda nələr baş verib və nələr gözlənilir? Ötən sayımızda əsas prinsiplər, baş verən dəyişikliklər, yarış proqramı barədə ümumi məlumatı və düşüncələrimizi oxucularımızla paylaşmışdıq. Bu nömrəmizdən başlayaraq, konkret idman növləri üzrə əsas təsnifat qaydaları və yarışları barədə məlumatları təqdim etməyə başlayırıq. Qarşıdakı olimpiada növlər, yarış proqramı ilə bağlı yeniliklərindən savayı, bəzi seçim-təsnifat qaydalarını da dəyişməyə başlayıb. Bir sıra növlərdə isə əvvəlki yanaşmalar əsas götürülür. Təqdimata su idmanı növləri ilə başlayırıq.

Su idmanı növləri

Su idmanı mərkəzində keçiriləcək. 15 min tamaşaçı tutacaq arena inşa olunur.

Bədii üzgüçülük - 2 medal dəsti

Əvvəlki adında "sinxron" sözünü "bədii"yə dəyişmiş su üzərində "balet" olimpiadada iki proqramla təmsil olunacaq. Yalnız qadınların mübarizə apardığı turnir cütlərin və komandaların yarışı şəraitində keçəcək. Cəmi 104 idmançı lisenziya qazana biləcək.

Komandaların yarışında Yaponiya ilə yanaşı, 5 qitənin çempionları birbaşa vəsiqə əldə edirlər. 2019-cu ilin dünya çempionatı da iki vəsiqə verəcək. Bunlardan savayı, olimpiya təsnifat turnirində medalçıların hamısı Tokio yolçusu olacaq. Cütlərə gəlincə, sözügedən qitə çempionatlarının ən yaxşı nəticə göstərənləri olimpiyaçı olacaq. Bu halda komanda yarışları ilə vəsiqə əldə edənlərin təmsilçiləri qalib gəldiyi təqdirdə, cütlərin yarışında daha aşağı yer tutan vəsiqəsiz komanda bu hüquqa sahib çıxacaq. Qalan 7 komanda olimpiya təsnifat turnirlərində seçiləcək. Komanda yarışlarında lisenziya almış ölkələr cütlərin yarışında da təmsil olunacaqlar. Ölkələr bu yarışda ən çox 8 idmançı ilə təmisl oluna bilərlər. Yalnız qoşaların yarışına vəsiqə alanlar isə cəmi 2 idmançı ilə Uzaq Şərqə yollana bilərlər.

Yarış proqramı belədir:

Su idmanı növləri üzrə dünya çempionatı (Afrika, Asiya, Okeaniya lisenziyalarının verilməsi ilə): Qvanqju, Koreya Resp; 12-28 iyul 2019
Avropa bədii üzgüçülük çempionlar kuboku: may-avqust 2019
Panamerika Oyunları: Lima, Peru; 26 iyul-11 avqust 2019
Olimpiya təsnifat turniri: Boqota, Kolumbiya, yanvar 2020.

Suyatullanma - 8 medal dəsti (25 iyul-8 avqust)

Bu növdə 8 proqram üzrə medallar paylanılacaq. Kişilər və qadınlar 3 m (tramplin) və 10 metr (qüllə) hündürlüklərdən fərdi və sinxron sıçrayış yarışlarında qüvvələrini sınayacaqlar. Cəmi 136 idmançı yarışacaq. Turnirdə 2020-ci il dekabrın 31-də 14 yaşı tamam olmamış idmançılar iştirak edə bilməzlər. 16 lisenziya əldə etmiş ölkələr hər birindən fərdi yarışlara 2, qoşaların yarışına bir cüt idmançı ilə qoşula bilər.

Təsnifat xarakterli yarışlarda lisenziya bölgüsü belə olacaq:
m 2019-cu ilin dünya çempionatında hər proqram üzrə ilk 12 yer;
m 5 qitə çempionatında hər proqram üzrə ilk 5 yerin sahibləri;
m 2020-ci il FİNA Suyatullanma üzrə dünya kuboku turnirində ilk 18 yerdə qərarlaşanlar;

m Əgər buna qədər vəsiqə əldə etmiş idmançılar ilk 18-likdə olarsa, norma yerləri tam dolana qədər daha aşağı yer tutanlar bu hüquqa sahib çıxacaq.
Sinxron yarışlar üçün lisenziya şərtləri:
m 2019-cu il dünya çempionatında bütün mükafatçılar;
m 2020-ci il dünya kubokunda ilk 4 yerin sahibi;
Hər bir idmançı lisenziyanı ölkəsinə qazanır.

Üzgüçülük - 37 medal dəsti (25 iyul-2 avqust - qapalı; 5-6 avqust - açıq hövzə)

Yarışların əsas hissəsi Su İdmanı Mərkəzində olacaq. Açıq hövzədə marafon üzgüsü avqustun 5-də qadınlar, ertəsi gün isə kişilər üçün Odayba sahil parkında keçiriləcək. Həm kişilər, həm də qadınlar 18 və 1 qarışıq yarışda fəxri kürsüyə çıxacaqlar. Oyunlarda 878 üzgüçü olacaq. Hər ölkə cəmi 28 qadın və bir o qədər də kişi üzgüçü ilə təmsil oluna bilər. Fərdi yarışlara 2, estafetlərə isə 1 komanda çıxarmaq olar.

Sərbəst üsulda 50, 100, 200, 400, 800 və 1.500; arxası üstə, batterflayda, brasda 100 və 200; fərdi qarışıqda 200 və 400 m, komanda estafetləri isə hərəsində 4 idmançı olmaqla 100 və 200 m sərbəst, həm də 100 metrə qarışıq şəkildə yarışacaqlar. Marafon üzgüsü 10 km-ə olacaq.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə olimpiadada təsnifat yarışları axşam, yarımfinal və final mübarizəsi isə səhər sessiyalarında olacaq. Bu da telekanalların əsas izləyici kütləsi olan qitələrə yayımları ilə bağlıdır.

Seçmə turnirlər 2020-ci il iyulun 6-na qədər başa çatacaq. Hər bir ölkə bir proqram üzrə iki idmançı ilə təmsil oluna bilər. Lakin hər iki idmançı Olimpiya Təsnifat Vaxtı (OTV) normasını ödəməlidir. Əgər idmançı Olimpiya Seçmə Vaxtına (OSV) yaxınlaşıbsa və tələb olunan 878 lisenziya verilməyibsə, vəsiqə sahibi ola bilər.
Hər estafet yarışında 16 komanda mübarizə apara bilər. Bütün estafetlər üzrə komandaların cəminin sayı 112 komanda həddini aşmamalıdır. 2019-cu il dünya çempionatında hər estafet yarışında ilk 12 yeri tutan kollektiv birbaşa olimpiya lisenziyası sahibi olacaq. Qalan 4 kollektiv isə 2020-ci il mayın 31-nə qədər olan reytinqə əsasən, qalanlar arasında ən sürətli komandalara veriləcək.

İdmançılara təsnifat vaxtını verən yarışlar dünya və qitə çempionatları, qitə seçmə yarışları, milli çempionatlar və sınaq turnirləridir. FİNA-nın siyahısında yer alan beynəlxalq turnirlərdə 2019-cu il martın 1-dən 2020-ci il iyunun 29-dək normativləri yerinə yetirənlər vəsiqə sahibi ola bilərlər.

Su idmanı növləri üzrə dünya çempionatı Koreya Respublikasının Qvanqju şəhərində 2019-cu il 12-28 iyul aralığında keçiriləcək. Digər yarışlar üzrə FİNA təqvimi fevralın 28-nə şədər açıqlanacaq.

Su polosu - 2 medal dəsti (25 iyul-9 avqust)

Qarşılaşmalar Tokionun "Tatsumi" beynəlxalq üzgüçülük mərkəzində keçiriləcək. 3635 nəfərlik arena idmançıların yolunu gözləyir.

Tokioda 12 kişi və 10 qadın olmaqla 22 su polosu komandası yarışacaq. Komandaların cəmi oyunçu sifarişi 242 nəfər olacaq. Yarışlar əvvəlcə qrupda, sonra isə nokaut sistemi ilə keçiriləcək.

Kişilərdə 12 komanda bu yolla seçiləcək. Ev sahibi ilə yanaşı, dünya çempionatının finalçıları (Qvanqju, Koreya; 12-28 iyul), habelə FİNA Dünya Liqasının, Panamerika Oyunlarının (Lima, Peru; 26 iyul-11 avqust), Okeaniya, Afrika qitə təsnifat yarışlarının, Asiya və Avropa çempionatlarının hər birinin qaliblər, həmçinin dünya təsnifat turnirinin mükafatçıları yer alacaqlar. Qadınlarda 10 komandanın da formalaşması eyni qayda ilə olacaq. Sadəcə, dünya çempionatının qalibi ilə dünya təsnifat turnirinin finalçıları bu hüquqa sahib çıxa biləcəklər.

BATI YAR

Xəbər 1133 dəfə oxundu.