Qiyabi, yoxsa əyani duellər çempionu məlum edəcək?
Milli futbol çempionatının Premyer liqasında üçüncü dövrənin iki turu artıq geridədir. Fasilədən sonra meydanda dəyişən çox şey yoxdur.

Futbolumuzun ənənəvi xüsusiyyətlərinə əsaslansaq, bu, gözləniləndir və qanunauyğundur. Klublar bir qayda olaraq, bir neçə tur meydana uyğunlaşır, daha sonra əyər-əskikləri və qazancları üzə çıxır. Hərçənd transferlərə baxanda, komandalardan dəyişikliklər gözləmək olar. Sadəcə, autsayderlər qrupunda yer alan "Keşlə"nin səfinin düzəlməsinə bir qədər vaxt tələb olunacağı aydındır. Lakin bu müddətin komandanın xeyrinə, yaxud əleyhinə olacağı da məlum deyil. Çünki vaxt keçdikcə, ümidlər solmağa başlaya bilər, bu səbəbdən Tərlan Əhmədovun başçılıq etdiyi heyətin bir-iki uğurlu matça kəskin ehtiyacı var. Ötən iki tur bu mənada "Keşlə"nin əleyhinə işlədi. Digər autsayder "Zirə" isə son qələbəsi ilə prinsipial sıçrayış şansı əldə edib. Bununla belə, 15-ci turdakı qarşılaşması ilə müqayisə etsək, qərar verməyə də tələsməyək. Sabitlik əsaslı yeniliklərdən sonra mümkündür.
İki turun aynası "Qəbələ"nin oyununda da qığılcım gözləməyin mümkün olduğunu göstərir. Ən azı, komandanın sabitliyə ciddi ümidləri əsassız deyil. "Səbail"lə "Sabah"ın da böyük dəyişikliyə məruz qalmayacağı ehtimal olunur. Hərçənd medalçılar sırasında yer almağa iddialı olan bu komandalar qış fasiləsində daha böyük planlar qura bilərdilər. "Sumqayıt" yenə sabitlikdən uzaqlaşmağa başladığını əyani nümayiş etdirdi. Oyun tarazlığı, heyət sabitliyi sarıdan əziyyət çəkən bu kollektiv bir daha formalaşmaq üçün ciddi qərarlar verməlidir. Komandanın dəst-xəttində sabitliyin, konkretliyin olmaması, strateji hədəflərin qeyri-ciddiliyindədir. Bu da açıq-aşkar meydanda əksini tapır. Bu səbəbdən cəmi iki tur ərzində kollektivin autsayderlər cərgəsinə yuvarlanması təbiidir. Lakin vəziyyət hər an dəyişə bilər. Çünki rəqabət baxımından son 3 yerdə qərarlaşan rəqiblərin də əsas problemləri heyət funksionallığı ilə bağlıdır. Əslində, bu, ilk iki kollektivdən savayı, qalan Premyer liqa iştirakçılarının əsaslı problemləridir və bu səbəbdən yarışda çox şey hələ dəyişə bilər. Ümid hər komandanın özünü toparlayıb, rəqabət davamiyyətinin artırmasınadır.

Daha bir məsələni də qeyd edək. Klubların taktiki hazırlığında yeniliklərə ümid çox azdır. Bunun üçün, ilk növbədə, klub rəhbərlərinin irəli sürdüyü strateji vəzifələr dəyişməli, məşqçilərin seçim imkanları olmalı, onların öz üzərində işləməsinə şərait yaradılmalıdır. Ən nəhayət, ehtiyat qüvvəyə daha ciddi yanaşılmalıdır. Açığı, indiki vəziyyətdə klubların əvəzedici heyətlərə, aşağı yaşlı komandalara tam ciddiyyətlə və perspektivlə yanaşmaması təəssüf doğurur. Daha doğrusu, klubların biznes-planının olmaması, strateji hədəf kasadlığı elə buradan başlanır. İlk baxışda, bütün bunlar uzaq hədəf kimi görünür. Lakin Azərbaycan klub futbolunun indiki natamamlığında bu səviyyədə cüzi nailiyyət dərhal effekt verə bilər. Sadəcə, işləmək və doğru planlar cızmaq lazımdır.

Mövcud vəziyyətdə yeganə ümid çempionluq uğrunda əsas rəqiblərin nisbi irəliləyişinədir. Lider cütlüyün mövsümdəki rəqabətinin nə qədər davam edəcəyi hələ bilinmir. Üçüncü dövrənin lap əvvəlində baş tutan tet-a-tet duel də çox şeyə aydınlıq gətirmədi. "Neftçi" formalaşma dövründə bir qədər də irəliləyə biləcəyini əyani nümayiş etdirdi. Lakin "Qarabağ" da nisbi dəyişikliklərlə əvvəlki dövrlərinə qayıtmağa meyilli olduğunu göstərdi. Fəqət iki kollektiv arasında indiki liderin inkişaf imkanları daha geniş görünür. "Qarabağ" yenidən texniki cəhətdən daha formalaşmış oyun göstərir. Əvəzində, "Neftçi" kollektiv və hər mövqedə artımı olan səviyyəyə qalxmaqdadır.

İndi əsas məsələ liderlərin duelində çempionu kimin və hansı şərtlərin bəlli edəcəyidir: əyani rəqabət, yoxsa qiyabi duel? Bu daha çox digər komandaların bu cütlüyə sinə gərə biləcəyindən çox asılıdır. Onların rəqabət gücünün artmasına çox ehtiyac var. Qış fasiləsi də ümidlərin o qədər dərin olmadığını nümayiş etdirdi. Üz-üzə rəqabətdə hələlik "Neftçi" həm xal, həm də şəxsi rəqabətdə üstünlüyə malikdir. Yeri gəlmişkən, qış fasiləsində "Qarabağ" daha çox köhnə liderlərini qaytarmaqla yadda qaldısa, "Neftçi" ilk dəfə italiyalı futbolçunu Azərbaycan çempionatına gətirməsi ilə hay-küyə səbəb oldu. Canluka Sansone komandanın oyununda dönüş yarada biləcək ad kimi diqqət çəkir. Bu da kollektivin daha da etibarlı və inamlı təbirinin güclənməsinə təkan ola bilər.

Qeyd edilənlərlə yanaşı, qarşıdakı 4-cü dövrədəki üz-üzə duel mövsümün şah əsəri olacaq. Lakin bu matçın çempionluğun taleyini həll etmək iqtidarında olması belə futbolumuza çox şey verə bilməyəcək. Ən yaxşı halda mövsümün "şah oyun"u kimi müvəqqəti müzakirə mövzusu olacaq və sonra yaddaşlardan silinəcək. Mövsüm isə növbəti dəfə futbolumuza böyük qazanc gətirməyəcək. Yenə klubların Avrokuboklarda daha bir həyəcanlı ilinə qədəm qoyub, əldə olunacaq cüzi uğurlardan nəticə çıxarmaq üçün həyəcanlı təhlillərə başlayacağıq.

Liderlərin matçı bir məqamı ilə xüsusi diqqət çəkdi. Qarşılaşma göstərdi ki, azarkeşlər də artıq futbol həsrətindədirlər. Daha doğrusu, futbol aclığı onlara da təsir edir. "Qarabağ"la "Neftçi"nin duelinin ən gözəl məqamı sadiq azarkeşlərin yenə meydanda komandalarını irəli səsləməsi idi. Bəlkə də təkcə elə buna görə yaşıl meydanda son ümidlər solmur və gələcəyə kökləyir.

Məgər futbolun inkişafına dəstək olmaq üçün bu, yetərli deyilmi?!

BATI YAR

Xəbər 1273 dəfə oxundu.