Sərbəst güləş üzrə yığmamızın Kislovodskda təlim-məşq toplanışı başlayıb
Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

Azsport.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadla xəbər verir ki, yanvarda Mahaçqalada hazırlıq keçən millimiz bu dəfə Rusiyanın məşhur kurort şəhəri Kislovodska yollanıb. Komandamız fevralın 27-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi hazırlıq prosesində iştirak edir. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək. Nümayəndə heyətinin rəhbəri AGF-in sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovdur.

Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıblar.

Xəbər 704 dəfə oxundu.