“Tokio-2020” Olimpiadasına ciddi hazırlıqlar gedir
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının fikrincə, bu olimpiada gündoğar ölkənin qabaqcıl texnologiyalarını bütün dünyaya nümayiş etdirməlidir.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hökumət xüsusən hidrogen texnologiyalarının tətbiqi ilə çalışan energetika və avtomobil texnikasının nümayişinə xüsusi diqqət yetirəcək. Eyni zamanda, möhtəşəm yarışların çoxsaylı tamaşaçılarına xidmət göstərəcək robotlardan istifadə Tokio Olimpiya Oyunlarının vizit kartına çevriləcək.

Növbəti Olimpiya Oyunlarının daha bir xarakterik cəhəti onun çox yığcam ərazidə keçirilməsi olacaq. Belə ki, yarışların keçiriləcəyi bütün idman obyektləri bir-birindən ən çoxu səkkiz kilometr məsafədə yerləşib.

Yaponiya paytaxtında və digər ətraf şəhərlərdə hökumət Olimpiada ilə əlaqədar nəqliyyat və digər logistika infrastrukturu da təkmilləşdirib. Belə ki, nəqliyyat tıxaclarını azaltmaq üçün Tokioda üç dairəvi avtomobil yolu genişləndirilib. Həmçinin Haneda aeroportunun sutka ərzində fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün uçuş-enmə zolağı uzadılması üçün işlər görülməkdədir. Bundan əlavə, Tokionun Keyhin limanında konteyner daşıyan böyük gəmilərin yan alması üçün yeni doklar da inşa olunmağa başlanılıb. Yaponiya Hökumət həmçinin tıxacın qarşısını almaq üçün metronun gediş haqlarını qaldırmaq niyyətindədir. Məsafəyə görə, 7 manatdan 46 manatadək gediş haqları artırılacaq.

Qeyd edək ki, hökumət oyunlar ərəfəsində Tokioya əlavə 650 min ziyarətçinin gələcəyini planlaşdırır.

Xəbər 1155 dəfə oxundu.