“Tokio 2020” Olimpiadasının gimnastika yarışlarında süni intellekdən istifadə olunacaq
Yaponiyanın elektronika sahəsində tanınmış şirkətləri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı süni intellektin istifadə olunduğu yeni texnologiyaların tətbiqini planlaşdırırlar.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası Tokio Olimpiya Oyunlarında idmançıları qiymətləndirmək üçün süni intellektdən istifadə etməyi düşünür. Beynəlxalq Olimpiya Komitəsi də (IOC) bu fikri dəstəkləyib. Bu proqramla Beynəlxalq Gimnastika Federasiyası qiymətləndirmələrdə gecikmələrin qarşısını almaq, hər bir hərəkətin qeydiyyata alınmasını təmin etmək və mübahisəli məhkəmə qərarlarının qarşısını almaq niyyətindədir.

Bu məqsədlə, “Fujitsu” şirkəti gimnastların yerinə yetirdiyi hərəkətlər zamanı hakimlərin çətinlik çəkdiyi məqamları yüngülləşdirmək və hər bir hərəkəti dəqiq qiymətləndirmək üçün yeni süni intellekt texnologiyası hazırlamağa başlayıb. Şirkət bildirib ki, yeni üçölçülü sensorlar saniyədə 2 milyon 300 min lazer şüası buraxmağa imkan verir. Bu, gimnastın skeletinin bütün hərəkətlərini göstərməklə, onun bədəninin aldığı vəziyyətləri tam təhlil etməyə şərait yaradır.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe də vəziyyətə münasibət bildirib: "Bizim vəzifəmiz gimnastların heç bir çatışmazlığı olmadan düzgün qiymətləndirilməsini təmin etməkdir. Atletlər texnologiyanın necə işlədiyini gördükdə, onun faydalarını başa düşəcəklər ".

Beynəlxalq Gimnastika Federasiyasının keçmiş prezidenti Bruno Qrandi də fikirlərini bölüşüb. O, bildirib ki, bu texnologiya təqdirə layiqdir. Amma düşünür ki, bu texnologiya ilə hakerlar nəticələrini saxtalaşdırmağa başlayacaq. Hakimlər isə etibarlılığını heç zaman itirməyəcək.

Qeyd edək ki, “Gartner” analitik şirkəti süni intellekt texnologiyalarının 2020-ci ilədək bütün yeni proqram məhsul və servislərində quraşdırılacağını proqnozlaşdırır. Gələn il Qətərdə keçirilicək Dünya Çempionatında süni intellektin testi tətbiq olunacaq.

Xəbər 1406 dəfə oxundu.