Ağır atletika üzrə Azərbaycan çempionatının ikinci gününün yarışları davam edir
Fevralın 8-də ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının ikinci gününün yarışlarına start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, əvvəlcə 73 kiloqram çəki dərəcəsində yarışın qalibləri müəyyənləşib. Bu çəki dərəcəsində Azərbaycan çempionu adını Paşa İbrahimli qazanıb. O, rəqiblərini xeyli qabaqlayaraq toplam 293 kiloqram (133+160) nəticə ilə qızıl medala sahib olub. Sonrakı yerləri 270 kiloqram (125+145) nəticə ilə Kənan Xəlilov və toplam 255 kiloqram (111+144) nəticə ilə Nurlan Rəsulov tutublar.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayır.

Çempionatın məqsədi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 896 dəfə oxundu.