Elbrus Məmmədov: Çempion olmaq üçün çalışacağıq
2018/2019 mövsümünün ilk yarısını 1-ci divizionda 30 xalla lider kimi tamamlayan "Sumqayıt" Futbol Klubunun əvəzediciləri hazırlıqlarını başa vurmaq üzrədir. Təxminən 2 aylıq fasilədən sonra komanda təlim-məşq toplanışını yekunlaşdırır.

Bu gün 3-cü dövrənin ilk oyununa çıxacaq "Sumqayıt-2" “Kapital Bank Arena"nın köməkçi meydançasında "Keşlə” ilə mövsümün ikinci yarısına start verəcək.

“Sumqayıt-2”nin baş məşqçisi Elbrus Məmmədov hazırlıq prosesini dəyərləndirməklə yanaşı, komandanın əsas hədəfini də açıqlayıb: "Sumqayıt-2"nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. “Şahdağ”, “Qarabağ-2”, “Uğur” və "Səbail-2" ilə oyunlarda 2 qələbəyə imza atdıq, 1 heç-heçə etdik və 1 məğlubiyyətlə üzləşdik. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram".

Elbrus Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib: "Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardır. Qeyd edim ki, İbrahim “Qarabağ”dan icarə əsasında komandamızda çıxış edəcək. Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb. Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır".

AZƏRTAC

Xəbər 1029 dəfə oxundu.