Finalın ilk oyununda «Azərreyl» qalib gəldi
«Çellenc kuboku uğrunda Azərbaycan finalının ilk oyunu martın 29-da «Sərhədçi» olimpiya- idman mərkəzində keçirildi. Azərbaycan voleybol tarixində ilk dəfə idi ki, qitə voleybolunun mükafatı uğrunda qarşı-qarşıya gələn hər iki komanda bizim idi. Mübarizənin nəticəsindən asılı olmayaraq, kubok Bakıda qalacaqdı.
Komandaların hər ikisi mükafata sahib olmaq iddiasında idi. «Azərreyl»in yarımfinalda «Uraloçka» üzərindəki qələbəsi komandanın inamını daha da artırmışdı. «Lokomotiv»in yarımfinalda «İqtisadçı»nı mübarizədən uzaqlaşdırması «Çellenc kuboku»na sahib olmaq ehtirasını daha da alovlandırdı.
Oyunun ilk dəqiqələri bərabər səviyyədə başladı. İlk texniki fasiləyə «Lokomotiv» bir xal üstünlüyü ilə yollandı. Bu cüzi üstünlük Draqutun Baltiçin yetirmələrini ruhlandırdı və onlar kiçik də olsa xal fərqini hesab 20:16-ya çatana qədər saxlaya bildilər. Amma həmin andan sonra «Azərreyl» bu fərqi aradan qaldırmağa nail oldu - 22:22. Bununla belə qələbə «Lokomotiv»in oldu – 25:23
«Lokomotiv» ikinci partiyanı daha böyük inamla başladı. Amma setin əvvəlində malik olduğu 2 xal üstünlük bir qədər sonra rəqib tərfə keçdi. Bundan sonra «Lokomotiv» xal fərqini aradan qaldırdı -11:11. Lakin «Azərreyl» bundan artığına imkan vermədi və ikinci texniki fasiləyə 3 xal üstünlüyü ilə yollandı. Bundan sonra isə hər şey «Azərreyl»in diktəsi ilə davam etdi və set onun qələbəsi ilə başa çatdı – 25:20
Üçüncü setin başlanğıcı göstərdi ki, məğlubiyyət «Lokomotiv»in qələbə əzminə heç bir təsir göstərməyib. 5:2 hesabı ilə irəli çıxan D. Baltiçin yetirmələri ilk texniki fasiləyə də üstün durumda yollandılar – 8:4. Amma burada «Azərreyl» yüksək iradi keyfiyyətlər araya qoyub hesabı nəinki bərabərləşdirdi, hətta irəli çıxıb, ikinci texniki fasiləyə üstün durumda yollandı. Sonradan isə bu üstünlüyünü artıran «Azarreyl» seti qələbə ilə başa vurdu – 25:16
Dördüncü setdə «Lokomotiv»in oyunu elə ilk dəqiqələrdən alınmadı. Qızlar tez-tez səhvə yol verir, qəbulda çox pis oynayırdılar. Bu da özünü hesabda əks etdirdi – 0:5. Hesab arasındakı bu fərqi aradan qaldırmaq cəhdi «Lokomotiv»i məqsədə yaxınlaşdırdı 16:17. Setin sonluğu «Azərreyl»in üstünlüyü ilə davam etdi və qələbə də Vüqar Əliyevin yetirmələrinin oldu – 25:20. Beləliklə ilk final görüşü 3:1 hesabı ilə «Azərreyl» qələbəsi ilə başa çatdı. Amma bu qələbə mükafata sahib olmaq üçün kifayət deyildi. Bunun üçün aprelin 2-də keçiriləcək ikinci görüşü də udmaq lazımdır.

Xəbər 1151 dəfə oxundu.