“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans təşkil edilib
Fevralın 5-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin 2023-cü ilədək təşkil ediləcəyi barədə gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri arasında müqavilə imzalanıb.

Azsport.az saytı xəbər verir ki, imzalanma mərasimdən sonra “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfrans təşkil edilib. Konfransda gənclər və idman naziri Azad Rəhimov, Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov, yerli və xarici şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Konfransda çıxış edən çıxış edən BŞH-nın icraçı direktoru A.Rəhimov Formula 1 yarışının Azərbaycanda keçirilməsinin daha 3 il uzadılmasının çox müsbət hal olduğunu bildirib. O, qeyd edib ki, bu müqavilə Azərbaycanın hər zaman mötəbər beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsinin göstəricisidir. A.Rəhimov çıxışı zamanı bildirib ki, yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edilir.

Formula 1 yarışının qısa zamanda Azərbaycanda tanındığını və sevilən yarışlardan birinə çevrildiyini vurğuluyan BŞH icraçı direktoru: “Belə tədbirlərin keçirilməsi ölkəmiz üçün vacibdir. Eyni zamanda bu idman növü sayəsində ölkəmizə turist axını çoxalıb və bu say ildən-ilə artmaqdadır. Bu idman yarışı əhalimiz arasında da çox sevilməyə başlayıb. Sevindirici haldır ki, bu illər ərzində idman sahəsində, habelə Formula 1 yarışındı uğurlar əldə edə bilmişik. Məqsədimiz daha çox müvəffəqiyyət əldə etməkdir. Formula 1 tərəfdaşlarının və hökumətin verdiyi rəy işimizin uğurlu olduğunu göstərir. Çalışacağıq ki, qarşıdakı illərdə də yaxşı nəticələrimizi qoruyub saxlayaq və davam etdirək”.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Natəvan Məmmədova konfransda çıxış edərək bildirib ki, mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi idman sahəsi ilə yanaşı bütün sahələrin, xüsusilə də turizm sektorunun inkişafına da müsbət təsir göstərir.

Konfransda "Made in Azerbaijan" brendinin dünyanın müxtəlif ölkələrində təbliğ olunacağını bildirən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təbliğat zamanı brendin uğurla seçilməsinin önəmli olduğunu qeyd edib. F.Zenqstşmid bu məqsədlə hazırlanmış videoçarxın cari ildə Çin, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Böyük Britaniya, Hindistan və Almaniya da yayımlanacağını vurğulayıb: “Azərbaycanla bağlı sonuncu tanıtım videosu ötən ilin sonunda ictimaiyyətə təqdim edilib. Videoçarxın Londonda nümayişi çox uğurlu olub. Digər ölkələrdə də təbliğatın aparılması planlaşdırılır”.

Formula 1 yarışının təşkilatçısı Emili Preyzer Azərbaycanda kifayət qədər Formula 1 azarkeşinin olduğunu diqqətə çatdırıb: “Rəqəmsal platformalarda aparılan hesablamalar zamanı müəyyən edilmişdir ki, ildən-ilə yarışı izləyənlərin sayı artmaqdadır və Azərbaycan Qran-Prisi ilin ən yaxşı yürüşü adını qazanmaq iqtidarındadır. Bütün bunlar ölkənin beynəlxalq aləmdə nüfuznun günbəgün artmasına səbəb olur. Qeyd edim ki, Azərbaycan Qran-Prisinin təşkilatçıları yüksək peşəkarlığa sahibdirlər”.


Xəbər 965 dəfə oxundu.