Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək
Fevralın 5-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azsport.az saytının verdiyi məlumata görə, konfransdan əvvəl Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerri gənclər və idman naziri Azad Rəhimovla bir araya gələrək Azərbaycan Qran-Prisinin Formula 1 yarış cədvəlində 2023-cü ilədək qalmasını təmin edən müqavilə imzalayıblar.

İmzalanma mərasimində çıxış edən nazir Azad Rəhimov Azərbaycan Qran-Prisinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından böyük məmnunluq duyduğunu bildirib: “Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi. Biz Bakıda baş tutan Formula 1 yarışlarını həyəcan və gərginliklə keçirildiyinin şahidi olduq”.

Nazir həmçinin əlavə edib ki, hər ötən il dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarları gəlir və biz çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusilə Azərbaycan Qran-Prisinə böyük maraq göstərir. Mən cənab Kerri başda olmaqla Formula 1-də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri dəstəyə görə öz dərin minnətdarlığımı bildirirəm.

Müqavilənin uzadılmasının əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd edib ki, Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır. Dənizkənarı Milli Parkda yaradılan “F1 Şəhərciyi”ndə şirkətlər öz stendlərini yerləşdirir, məhsullarını təbliğ edir, həmçinin yeni əməkdaşlıqların qurulması istiqamətində addımlar atırlar. İnanıram ki, gələcəkdə Azərbaycan pilotlarının da Formula 1-də iştirak etmələri mümkün olacaq. Hazırda ölkəmizdə idmançıların yetişməsi üçün kartinq fəaliyyət göstərir. Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır.

Çeyz Kerri isə öz növbəsində Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu diqqətə çatdırıb:” Çox şadam ki, biz bu gün müqaviləni yenilədik. Bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran Prisini daha bir neçə il ərzində izləyə biləcəyik. Bu yarış bu məkanda hər dəfə yaratdığı gərgin mübarizə və həyəcan dolu anları ilə yaddaşlarda dərin iz qoyub və çox qısa zaman ərzində mövsümün ən məşhur yarışlarından birinə çevrilib. İnanıram ki, bu ilki Formula 1 Azərbaycan Qran-Prisi də öz pərəstişkarları üçün möhtəşəm ab-hava yaradacaq”.

“2018-ci ildə aparılan araşdırmalara əsasən Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır. Bunu xüsusilə azarkeşlər vurğulayıblar. 2019-cu ildə də Formula 1 Azərbaycan Qran-prisinin möhtəşəm olacağına inanıram. Ümid edirəm ki, pilotlar ecazkar görüntülər nümayiş etdirəcəklər. Qeyd edim ki, bu ilki qran-pridə yeni pilotlar olacaq və azarkeşləri başqa yeniliklər gözləyir. İrəliyə doğru addım atdıqca keçmişi unutmaq olmaz. "Formula 1" sürət yarışdır. Burada güclü rəqabət təmin edilməlidir. Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və buna çox böyük dəyər veririk,"- deyə Formula 1 Qrupunun baş icraçı direktoru əlavə edib.


Xəbər 1036 dəfə oxundu.