Futzal üzrə milli komandamızın rəqibləri sonuncu oyunda müəyyənləşəcək
Final mərhələsi 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsinin oyunlarına start verilib. Bu mərhələnin “H” qrupunun qalibi, “G” qrupunun isə ikincisi millimizin rəqibi olacaq. Qruplarda artıq iki turun oyunları keçirilib.

Moldovada təşkil edilən “H” qrupunda iki komanda maksimum nəticə ilə irəliləyir. Meydan sahibləri Uelsi 8:4, Şimali İrlandiyanı isə 13:3 hesabı ilə yeniblər. Finlandiya isə ilk dueldə Şimali İrlandiyanı 9:1, ikinci matçda Uelsi 7:0 hesabı ilə məğlub edib. Hər iki komandanın aktivində 6 xal var və topların müsbət göstəricisinə görə, Finlandiya birinci pillədə qərarlaşıb. Bu komandalar əsas mərhələyə vəsiqəni təmin etsələr də, qrup qalibini və ikinci pillənin sahibini son qarşılaşma müəyyənləşdirəcək. Hazırkı vəziyyətdə hər iki komanda millimizin potensial rəqibi hesab edilir. Uels və Şimali İrlandiya isə təsəlli oyunu keçirəcəklər.

“H” qrupundan fərqli olaraq “G” qrupunda vəziyyət bir qədər fərqlidir. Belə ki, Hollandiya hər iki oyunu qələbə ilə başa vurub. Onlar Estoniyanı 4:1, Monteneqronu 4:2 hesabı ilə üstələyiblər. Qrup oyunlarına ev sahibliyi edən Bolqarıstan isə turnirə heç-heçə ilə başlayıb. Monteneqro ilə matç 1:1 hesabı ilə bitib. Bolqarlar Estoniyanı 3:2 hesabı ilə yeniblər. Hazırda Hollandiyanın 6, Bolqarıstanın isə 4 xalı var. Aktivində 1 xal olan Monteneqronun ikinci yeri tutmaq şansı davam edir. Onu da qeyd edək ki, ikinci yerin sahibi millimizin rəqibi olacaq.

Qruplarda son turun oyunu fevralın 2-də keçiriləcək. “G” qrupunda Hollandiya Bolqarıstanla, Estoniya Monteneqro ilə, “H” qrupunda isə Finlandiya Moldova ilə, Uels isə Şimali İrlandiya ilə qarşılaşacaq.


Xəbər 781 dəfə oxundu.