Bu gün İsveçrədə qış polosu üzrə “Snow Polo World Cup St. Moritz” dünya kuboku start götürəcək
Yanvarın 25-də İsveçrənin Sankt-Moritz şəhərində ənənəvi qış polosu üzrə “Snow Polo World Cup St. Morıtz” dünya kuboku turnirinə start veriləcək.

35-ci dəfə keçirilən və dünya miqyasında ən güclü idmançıların qatıldığı turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir. Turnirin digər iştirakçıları “Cartier”, “Badrutt`s Palace Hotel” və “Mazerati” komandalarıdır.

Turnirdən əvvəl komandaların təqdimatı olub, qarşılaşmaların cədvəli müəyyənləşdirilib. Püşkatmanın nəticələrinə görə, yanvarın 25-də “Land of Fire” komandası Bakı vaxtı ilə saat 15:00-da “Cartier” komandası ilə, “Badrutt`s Palace Hotel” komandası isə saat 19:15-də “Mazerati” komandası ilə qarşılaşacaq. Yanvarın 26-da komandamızın “Badrutt`s Palace Hotel” komandası ilə görüşü nəzərdə tutulub. Turnirin sonuncu günündə - yanvarın 27-də üçüncü yer uğrunda oyun və final matçı keçiriləcək.

Final oyunundan sonra turnirin qalibinin, ən yaxşı oyunçusunun və polo atının mükafatlandırılması, eyni zamanda, polo idmanının təbliğində xüsusi xidmətləri olan şəxslərə ötən il təsis edilən “Baku Moritz Polo Mükafatı”nın verilməsi nəzərdə tutulub.

Sankt-Moritz gölünün donmuş buz qatı üzərində təşkil olunan turnir çərçivəsində keçiriləcək oyunlardan əvvəl tamaşaçılara “Odlar Yurdu - Azərbaycan” adlı kompozisiya təqdim ediləcək. Kompozisiya zamanı Əməkdar məşqçisi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisinin Qarabağ atları üzərində özünəməxsus igidlik hərəkətləri, xoreoqraf, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblının milli musiqimizin ecazkar sədaları altında möhtəşəm rəqsləri Qarabağ atlarının gözəlliyini, milli atçılıq ənənələrimizin qədimliyini və polo oyunun vətəni kimi artıq bütün dünyada qəbul olunan “Odlar Yurdu – Azərbaycan”ın atçılıq mədəniyyətini nümayiş etdirəcək.

Xəbər 646 dəfə oxundu.