Milli Məclisin gənclər və idman komitəsinin ilk iclası keçirilib
Yanvarın 25-də Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Ülvi Quliyev gündəlikdəki məsələlər barədə məlumat verib. 2018-ci ilin payız sessiyasının yekunlarından bəhs edən Ü.Quliyev bildirib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, 5 məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə daxil olan müraciətlər müvafiq ünvanlara göndərilib, vətəndaşlar qəbul edilib. Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.

Daha sonra “Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qeyd edilib ki, bu gün dünyada gedən ictimai siyasi proseslər istənilən ictimai sferanın inkişafını stimullaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsi bu inkişafı şərtləndirən əsas amillərdən biri olduğu üçün hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir. “Gənclər siyasəti haqqında” Qanunda ediləcək dəyişikliklər də məhz bu vəzifələri ehtiva edir.

Diqqətə çatdırılıb ki, layihənin zəruriliyini əsaslandıran iki fundamental hüquqi sənədin biri Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, digəri isə dövlətimizin başçısının 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planlarıdır. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasını ehtiva edən bu iki sənədin müvafiq olaraq 6.1.1-ci və 5.11.1-ci yarımbəndləri ilə normativ hüquqi aktların gənclərlə bağlı müddəlarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması tədbir kimi müəyyən edilib.

Müzakirədən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər 762 dəfə oxundu.