Formula 1 TV-də bütün qış testləri göstəriləcək
Formula 1 avtomobil yürüşləri televiziyası 2019-cu il mövsümü ərəfəsində keçirilən bütün testləri canlı efirdə nümayiş etdirəcək.

Bununla bağlı Formula 1 seriyasının mətbuat üçün açıqlamasında məlumat verilib.

Translyasiyalar Formula 1 televiziyasının tətbiq etdiyi yenilikdir. Bu yayımlar vaxtı komandaların bolidlərinin testi barədə icmal şouları da göstəriləcək. Xatırladaq ki, testlər üzrə ilk qış sessiyası fevralın 21-dən 28-dək İspaniyanın Barselona şəhərində keçiriləcək. İkinci testlər də fevralın 26-dan martın 1-dək həmin məkanda təşkil olunacaq.

Formula 1 vəd edir ki, ona məxsus olan televiziyada proqramların sayı artırılacaq, o cümlədən canlı efirə geniş yer ayrılacaq. Tezliklə bu platformada Formula 1 yarışlarının yeddiqat çempionu Mixael Şumaxerin idmanda keçdiyi yoldan bəhs edən tammetrajlı yeni sənədli film də nümayiş etdiriləcək.

2018-ci il mövsümünün əvvəlindən etibarən Formula 1 televiziyasına 59 ölkədə abunə olmaq mümkün idi. 2019-cu il fevralın 18-dən isə bu siyahıya daha səkkiz ölkə - Kipr, Danimarka, Yunanıstan, Malta, Niderland, Norveç, Portuqaliya və İsveç də əlavə olunacaq.

Xəbər 832 dəfə oxundu.