EUBC ikinci Avropa Oyunlarının boks yarışlarına hazırlığı yüksək qiymətləndirib
Avropa Boks Konfederasiyasının (EUBC) texniki nümayəndəsi Sidi Məhəmməd Mustasan II Avropa Oyunlarının boks yarışlarına hazırlığı yüksək qiymətləndirib.

Qurumun texniki nümayəndəsi bu barədə Belarus paytaxtına səfərinin nəticələrini şərh edərkən məlumat verib. O, boks yarışlarının keçiriləcəyi arenanın həm idmançılar, həm də tamaşaçılar üçün rahatlığı ilə fərqləndiyini bildirib.

Qeyd edib ki, bu məkan həm irimiqyaslı yarışların, həm də məşqlərin təşkili üçün bütün standartlara cavab verir. EUBC nümayəndəsi II Avropa Oyunlarının boks yarışlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, II Avropa Oyunlarında boks üzrə yarışlarda 15 dəst medal uğrunda qadın və kişilər mübarizə aparacaqlar. Kişilər arasında ən güclü boksçular 10 çəki dərəcəsində müəyyən olunacaq (49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq-a qədər və 91 kq-dan yuxarı). Qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar (51 kq, 57 kq, 60 kq, 69 kq, 75 kq). Oyunlarda ümumilikdə, 316 boksçu (onlardan 256-nı kişilər, 60-nı isə qadınlar təşkil edir) iştirak edəcək.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. On beş çəki dərəcəsində mübarizə aparan boksçuların yarışında yığmamız 11 medal qazanıb. Hesabında 6 qızıl, 1 gümüş və 4 bürünc mükafat olan komandamız bu göstəricidə hamını qabaqlayıb.

Xəbər 911 dəfə oxundu.