Yeniyetmə karateçilərimiz Xorvatiya Qran-Prisində iki medal qazanıblar
Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran-Pri turnirində uğurla çıxış edib.

Komandanın üzvləri Hüseyn Məmmədli (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fidan Dadaşova (47 kq) isə bürünc medala layiq görülüb.

Yanvarın 11-dən 13-dək keçirilən ənənəvi yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın 22 üzvü iştirak edir. Qran-Priyə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.

Qeyd edək ki, Xorvatiya səfəri karateçilərimiz üçün fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbər 759 dəfə oxundu.