Fuad Cəfərov memorialında növbəti turun oyunlarına start verilib
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorial çərçivəsində keçirilən bütün turnirlərdə növbəti turlara start verilib.

10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda – beynəlxalq “Masters” turnirində altıncı turun oyunları yekunlaşıb. Dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) altı turun nəticələrinə görə 5 xalla liderliyini davam etdirir. İkinci yerdə 3,5 xalla Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) qərarlaşıb. Daha iki şahmatçı - ukraynalı Mixail Simantsev (2401) və Rusiya şahmatçısı Oleq Bıkov (2395) 3,5 xalla üçüncü və dördüncü yerləri bölüşürlər.

Səksən şahmatçının qatıldığı “Open” turnirində isə dördüncü turun yekunlarına görə maksimum xalla iranlı Arya Omidi birincidir. Azərbaycanlı şahmatçılar Azad Abbasov (1511) və Adil İsrafilovun (1591) hərəyə 4 xalı var. Onlar turnir cədvəlinin ikinci və üçüncü pillələrində qərarlaşıblar.

Otuz yeddi şahmatçının mübarizə apardığı C qrupunda (11 yaşadək) isə bu gün sonuncu turun oyunları nəticəsində qalib müəyyənləşəcək.

Xəbər 737 dəfə oxundu.