Qəbələdə karate üzrə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir
Karateçilərimiz 2019-cu il mövsümünə hazırlıqlara başlayıb. Bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir.

Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb. Mövsümün ilk təlim-məşqləri yanvarın 21-də başa çatacaq.

Karateçilərimiz ayın 23-də Fransaya, Karate1 Premyer Liqasına yola düşəcəklər. İlboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri daxil olmaqla, bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.

Xəbər 765 dəfə oxundu.