Gənc qılıncoynadanlarımız Budapeştdə dünya kuboku yarışlarında iştirak ediblər
Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında qılıncoynatmanın sablya növü üzrə dünya kuboku yarışları keçirilib.

Turnirdə ölkəmizi Aysel Əhədova, Nərminə Cəfərova və Cavanşir Ağakişiyev təmsil ediblər.

Qadın sablyaçıların mübarizəsində Nərminə Cəfərova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa adlayıb. N.Cəfərova 1/64 finalda Rusiya idmançısı Anna Korolyovaya 12:15 hesabı ilə uduzub. Digər sablyaçımız Aysel Əhədova isə qrupda keçirdiyi 6 görüşdə 4-də qalib gəlib. Təmsilçimiz 1/64 finalda İtaliya təmsilçisi Klaudia Rotiliyə 3:15 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların yarışında Cavanşir Ağakişiyev qrup mərhələsi çərçivəsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Ağakişiyev 1/64 finalda Almaniya idmançısı Ralf Rommelspaçerə 12:15 hesabı ilə uduzub.

Xəbər 904 dəfə oxundu.