Fuad Cəfərov Memorialında növbəti turların qalibləri müəyyənləşib
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan Fuad Cəfərov Memorialı çərçivəsində beynəlxalq “Masters” turnirində 4 turun oyunları keçirilib.

10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda - “Masters” turnirində İran təmsilçisi Araş Təhbaz (2468) maksimum xalla liderdir. İkinci yerə 2,5 xalla Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) sahib olub. Üçüncü və dördüncü pillələrdə qərarlaşan ukraynalı Mixail Simantsev (2401) və təmsilçimiz Abdulla Qədimbəyli (2409) də hərəyə 2,5 xal toplayıblar.

Səksən şahmatçının qatıldığı “Open” turnirində isə iki turdan sonra iranlı Arya Omidi maksimum xalla ilk yerdədir. Onunla yanaşı, 15 şahmatçı da hərəyə 2 xal qazanıb.

Otuz yeddi şahmatçının mübarizə apardığı C qrupunda (11 yaşadək) 4 oyundan 3,5 xal toplayan Nihad Kərimov (1404) ilk pilləyə sahib olub.

Festival çərçivəsində rapid üzrə yarışlarda 7 turun oyunları keçirilib. Turnir cədvəlinə 7 xalla azərbaycanlı şahmatçı Read Səmədov (2019) başçılıq edir. Sonrakı pillələrə təmsilçilərimiz Loğman Quliyev (2252, 6 xal), Əhməd Əhmədzadə (2101, 5,5 xal) sahib olublar.

Fuad Cəfərov Memorialına yanvarın 11-də yekun vurulacaq.

Xəbər 886 dəfə oxundu.