Fuad Cəfərov Memorialının “Masters” turnirində 10 şahmatçı mübarizə aparır
Bakıda keçirilən Fuad Cəfərov Memorialı çərçivəsində beynəlxalq “Masters” turnirinə start verilib.

Ümumilikdə 200-dən çox şahmatçının iştirak etdiyi memorialda yarışlar “A” (qrossmeyster və beynəlxalq usta normaları), “B” (Open) və “C” qrupları (11 yaşadək uşaqlar) üzrə keçirilir.

Yeni ilə ölkəmizdə şahmatın inkişafına böyük töhfə vermiş unudulmaz şahmatçı, beynəlxalq hakim, Azərbaycanın Əməkdar məşqçisi və Respublika Şahmat Mərkəzinin birinci direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərlə başlamaq artıq xoş ənənəyə çevrilib.

Memorialın A qrupunda - “Masters” turnirində 10 şahmatçı, o cümlədən 4 qrossmeyster iştirak edir. Turnirdə ilk turdan sonra Araş Təhbaz (2468), Ülvi Bacarani (2421), ukraynalı şahmatçı Mixail Simantsev (2401) və Abdulla Qədimbəyli (2409) ilk turda qələbə qazanaraq aktivlərinə bir xal yazdırıblar.

Fuad Cəfərov Memorialının blits turnirinə artıq yekun vurulub. Komanda yarışında 9 turun yekunlarına görə ilk yeri maksimum nəticə ilə “Asadli Team” (Vüqar Əsədli, 2360, Xəzər Babazadə, 2181) komandası tutub. “International” və “Eleven” komandaları hərəyə 6 xalla sonrakı iki yerə sahib olublar.

“C” qrupunda (11 yaşadək uşaqlar) isə iki turun yekunlarına görə Nihad Kərimov (1404), Lalə Hüseynova (1199) və Kənan İsbatov (1192) turnir cədvəlində maksimum xalla ilk üç pillədə qərarlaşıblar. Sonrakı yerləri tutan daha dörd şahmatçının da 2 xalı var.

“B” qrupu (Open) üzrə turnirdə ilk turdan sonra İran təmsilçisi Arya Omidi (2354) və Azərbaycan şahmatçıları Loğman Quliyev (2322), Babək Cəfərli (2128) bir xalla ilk üçlükdə qərarlaşıblar. Daha 34 şahmatçının da aktivində 1 xal var. Bu yarışda 80 şahmatçı medallar uğrunda mübarizə aparır.

Memorial çərçivəsində bu gün 30 şahmatçının iştirakı ilə rapid turniri start götürüb. Turnir cədvəlinə rusiyalı idmançı Oleq Bykov (2403) başçılıq edir.

Fuad Cəfərov Memorialına yanvarın 11-də yekun vurulacaq.


Xəbər 762 dəfə oxundu.