Futbol üzrə Asiya Kuboku yarışları tarixdə ikinci dəfə BƏƏ-də keçiriləcək
Futbol üzrə 17-ci Asiya Kuboku yarışları BƏƏ-də start götürür. Turnirin hazırkı qalibi Avstraliya yığması öz titulunu qorumağa çalışacaq.

Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən təşkil edilən bu yarışlar yanvarın 5-dən fevralın 1-dək Əbu-Dabi, Dubay, Al-Ayn və Şarcə şəhərlərində keçiriləcək. Turnirin əsas arenası Əbu-Dabidə yerləşən “Zayed Sports City Stadium” stadionudur.

Start matçında meydan sahibləri ilə Bəhreyn yığması arasında qarşılaşma və turnirin final oyunu bu stadionda keçiriləcək. Bu arena tamaşaçı yerlərinin sayına görə digər stadionlardan üstündür.

İndiyə qədər BƏƏ Asiya Kubokuna yalnız bir dəfə - 1996-cı ildə ev sahibliyi edib. Bu dəfə BƏƏ turnirin yeni formatda – 24 komandanın iştirakı ilə keçiriləcəyi ilk ölkə kimi tarixə düşəcək. Əvvəllər Asiya Kubokunda 16 komanda iştirak edirdi. Komandaların sayının artırılması nəticəsində Qırğızıstan, Yəmən və Filippin yığmaları ilk dəfə final mərhələsinə vəsiqə alıblar. AFC-nin bu qərarı ilə əlaqədar təşkilatçılar matçların keçirilməsi üçün daha iki arena seçiblər. Beləliklə, turnirin matçları 8 stadionda keçiriləcək.

İlkin mərhələdə komandalar hər biri dörd yığmadan ibarət olmaqla 6 qrupa bölünüb. Qrupların qalibləri və hər qrupda ikinci yeri tutan komandalar 1/8 final mərhələsinə vəsiqə alacaqlar. Öz dördlüklərində üçüncü yerləri tutan daha 4 yığma komanda da pley-off mərhələsində güclərini sınayacaq.

İlkin mərhələdə turnirin ev sahibləri “A” qrupunda Tailand, Hindistan və Bəhreyn yığmaları ilə çıxış edəcəklər. Asiya Kubokunun indiki sahibləri olan Avstraliya futbolçuları Suriya, Fələstin və İordaniya yığmaları ilə oynayacaqlar. “C” qrupunda Qırğızıstan yığması Cənubi Koreya, Çin və Filippin komandaları ilə oynayacaq, keçmiş SSRİ məkanının daha iki nümayəndəsi – Özbəkistan və Türkmənistan yığmaları “F” qrupunda Yaponiya və Omandan olan rəqibləri ilə qarşılaşacaqlar.

“E” qrupunda növbəti dünya çempionatının ev sahibləri – Qətər, Səudiyyə Ərəbistanı, Livan və Koreya Xalq Demokratik Respublikasının komandaları, “D” qrupunda isə İran, İraq, Vyetnam və Yəmən yığmaları çıxış edəcəklər.

Asiya Kuboku yarışlarının qalibi iki ildən sonra Konfederasiyalar Kubokunda oynamaq imkanı əldə edəcək. Bu yarışlar 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərdə keçirilməyəcək, çünki yay fəslində bu bölgədə havanın hərarəti çox yüksək olduğuna görə orada oynamaq qeyri-mümkündür. Beləliklə, Konfederasiyalar Kuboku ya başqa ölkəyə keçiriləcək, ya da onun əvəzinə həmin il noyabr-dekabr aylarında Beynəlxalq Futbol Federasiyası Qətərdə klublar arasında dünya çempionatı keçirəcək.

Ən yüksək titullara layiq görülmüş Asiyanın yığması Yaponiya komandasıdır. Bu komanda 4 dəfə - 1992, 2000, 2004 və 2011-ci illərdə Asiya Kuboku qazanıb.

AZƏRTAC

Xəbər 827 dəfə oxundu.