Sadıq Sadıqov: Azərbaycan Cüdo Federasiyası 2019-cu və 2020-ci illəri “Olimpiya illəri” elan edib
Bu il Azərbaycanın cüdo ailəsi üçün önəmli olub. Məhz bu il Azərbaycanda ilk dəfə cüdo üzrə dünya çempionatı keçirilib. Çempionatın yüksək səviyyədə təşkil olunduğunu iştirakçı ölkələrin nümayəndələri və cüdosevərlər etiraf edirlər.

Bu sözləri dekabrın 28-də Azərbaycan Cüdo Federasiyasının (ACF) 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə qurumun vitse-prezidenti Sadıq Sadıqov deyib.

Vitse-prezident vurğulayıb ki, dünya çempionatında uğurlarımız oldu. Lakin bəzi idmançılarımız gözlənilmədən məğlubiyyətlə üzləşdilər. Buna baxmayaraq, millimizin mundialda 1 gümüş və 1 bürünc medal qazanmasını qənaətbəxş hesab etmək olar.

“Qarşıdan “Tokio 2020” Yay Olimpiya Oyunları gəlir. Olimpiadada tam heyətlə iştirak etmək üçün yaxşı hazırlıq keçməyə çalışacağıq. 2019-cu və 2020-ci illər cüdo üçün həlledici illərdir. Olimpiadada iştirak etmək üçün idmançılarımız dünya reytinqində ilk “25-liy”ə düşməlidirlər. Bunun üçün dünya və Avropa çempionatlarında, Qran-Pri və “Böyük dəbilqə” yarışlarında xal qazanmaq lazımdır. Federasiya 2019-cu və 2020-ci illəri “Olimpiya illəri” elan edib”, - deyə S.Sadıqov vurğulayıb.

Cüdonun dünyada ən populyar idman növlərindən biri olduğunu qeyd edən S.Sadıqov deyib: “ACF Azərbaycan cüdoçularının “Tokio 2020”də bütün çəki dərəcələrində təmsil olunmasına çalışacaq. Cüdo dünyada ən populyar idman növlərindən biridir. Ona görə də Olimpiadaya bütün çəki dərəcələrində vəsiqə qazanmaq çox çətin olacaq. İdmançılarımızın yarışda 10 çəki dərəcəsində iştirak etməsi üçün çalışacağıq. Bildiyiniz kimi, 7 kişi və 3 qadın çəki dərəcəsi var. Bəzi olimpiadalarda Azərbaycanın qadın cüdoçusu iştirak etməyib. Bu dəfə hər üç çəki dərəcəsində təmsil olunmağa səy göstərəcəyik. Həmçinin qarışıq komanda yarışında da yer almağa çalışacağıq”.

Xəbər 745 dəfə oxundu.