Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların olimpiya medallarını geri qaytarmalarını tələb edir
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinə (ROK) rəsmi məktubla müraciət edərək bütün milli idman federasiyalarına bunu bildirməyi tələb edib ki, 2008, 2012 və 2014-cü illərin olimpiya oyunlarında dopinqdən istifadə etmələri faktı müəyyən edilmiş idmançılar mükafatları geri qaytarmalıdırlar.

Dələduzlarla eyni komandada və ya eyni heyətdə çıxış etmiş “təmiz” idmançılar da (yüngül atletika estafeti, bobsley dördlüyü) mükafatları geri qaytarmalı olacaqlar.

Yüngül atletikada rusiyalı olimpiyaçılar 2008-ci və 2012-ci illərin yay olimpiya oyunları zamanı genişmiqyaslı təkrar yoxlama zamanı antidopinq qaydalarının pozulmasına görə cəzalandırılmış idmançılardan yalnız 5 nəfəri mükafatları qaytarıblar. BOK daha 24 medalın qaytarılmasını gözləyir.

Xatırladaq ki, 2016-cı ilin olimpiya oyunları ərəfəsində BOK 2008-ci və 2012-ci illərin yay olimpiya oyunlarının iştirakçılarından götürülmüş dopinq nümunələrinin hərtərəfli təkrar yoxlanmasını təşkil edib. Nəticədə onlarca rusiyalı idmançı tərəfindən antidopinq qaydalarının pozulması faktları aşkar olunub. Uzun sürən araşdırmalardan sonra həmin idmançıların yarışlarda göstərdiyi nəticələr ləğv edilib.

Ötən 2,5 il ərzində antidopinq qaydalarının pozulmasına görə diskfalikasiya edilmiş idmançılardan yalnız 5 nəfəri: Anna Çiçerova (tullanma, 2008, bürünc medal), Antonina Krivoşapka (qaçış, 2012, gümüş medal), habelə üç “təmiz” qaçışçı – Anton Kokorin (2008, bürünc medal), Natalya Antyux (2012, gümüş medal) və Aleksandra Fedoriva (2008, qızıl medal) mükafatları qaytarıblar.

BOK antidopinq qaydalarını şəxsən pozmayan, lakin estafet yarışlarında bu qaydaları pozanlarla eyni komandalarda çıxış etmiş atletlərin də mükafatları qaytarmasını gözləyir.

Bundan əvvəl BOK rusiyalı 43 idmançı tərəfindən qış olimpiya növlərində antidopinq qaydalarının pozulmasını elan edib. Lozannadakı İdman Arbitraj Məhkəməsi Soçi Olimpiya Oyunlarının 28 iştirakçısına bəraət verib. BOK hesab edir ki, qoşa və dördnəfərlik komanda şəklində qalib gəlmiş bobsleyçilər də qazandıqları medalları qaytarmalıdırlar.

Xəbər 537 dəfə oxundu.