“Sumqayıt” və “Zirə” klubları futbolçu dəyişikliyi ilə bağlı razılığa gəliblər
Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” və “Zirə” klubları futbolçu yerdəyişməsinə dair razılığa gəliblər.

Əvəzləmə prosesi dekabrın 27-də rəsmən həyata keçiriləcək. “Zirə” mərkəz müdafiəçisi Adil Nağıyevin əvəzinə “Sumqayıt”da eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edəcək.

Qəsəbə təmsilçisinin hazırkı baş məşqçisi Samir Abasov ötən mövsüm “Sumqayıt”a rəhbərlik edib. Onun "gənclik şəhəri" təmsilçisindəki həmkarı Ayxan Abbasov isə “Zirə”dən bu ilin avqustunda ayrılıb. Dəyişikliyin əsas səbəbi hər iki mütəxəssisin potensialına daha yaxşı bələd olduqları oyunçunu öz heyətlərində görmək istəyidir.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt” “Neftçi”dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb.

Xəbər 631 dəfə oxundu.