Bu gün Sankt-Peterburqda rapid və blits üzrə açıq dünya çempionatı start götürəcək
Dekabrın 26-da Sankt-Peterburqdakı “Manej” sərgi salonunda rapid və blits üzrə açıq dünya çempionatı start götürəcək.

Dekabrın 30-dək davam edəcək çempionatda hər gün beş turun partiyaları oynanılacaq. Açıq çempionatda kişilərin mübarizəsində 204 şahmatçı (144 qrossmeyster), qadınların yarışında isə 123 (70 qrossmeyster) zəka ustası iştirak edəcək.

Dünya çempionatında ölkəmizi yeddi şahmatçı təmsil edir. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2786) turnirin favoritlərindən biridir. Kişilərin yarışında digər şahmatçılarımız Rauf Məmmədov (2739) və Qədir Hüseynov (2732) da iştirak edəcəklər. Qadın şahmatçılarımızdan isə Gülnar Məmmədova (2832), Türkan Məmmədyarova (2357), Zeynəb Məmmədyarova (2330) və Günay Məmmədzadə (2261) nüfuzlu turnirdə mübarizə aparırlar.

Açıq çempionatın reytinq cədvəlinə norveçli dünya çempionu Maqnus Karlsen (2903) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2844) ikinci, rusiyalı Vladislav Artemiyev (2812) üçüncüdürlər.

Qadınlar arasında reytinq üzrə favorit şahmatçı ukraynalı Anna Musiçukdur (2595). İkinci və üçüncü yerlərdə Çin şahmatçıları Vencun Cu (2584) və Tinqcie Lei (2545) qərarlaşıblar.

Xəbər 792 dəfə oxundu.