AMADA ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
Dekabrın 25-də Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) 2018-ci ildə 817 test keçirdiyini diqqətə çatdırıb. O bildirib ki, bu, ötən illə müqayisədə iki dəfə çoxdur: "2017-ci ildə qurum tərəfindən 402 test götürülüb. Testlər ən çox güləş, futbol, velosiped idmanı, boks, taekvondo və digər idman növləri üzrə götürülüb. Cari ildə 35 antidopinq qayda pozuntusu qeydə alınıb. İlk "üçlük"də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb. Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib".

Ş.Hüseynli bildirib ki, cari ildə AMADA-nın dopinqə nəzarət inspektorları “Pxençxan-2018” Qış Paralimpiya Oyunlarında, İndoneziyada təşkil olunan Asiya Oyunlarında və digər irimiqyaslı yarışlarda yaxından iştirak ediblər. Cari ildə Böyük Britaniya Antidopinq Agentliyi ilə görüşlər təşkil olunub və gələcəkdə araşdırmalar və təhqiqatlar aparmaq istiqamətində əməkdaşlıq davam edəcək.

Cari ildə ölkəmizdə Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ş.Hüseynli həmçinin Avropa Şurasının Antdopinq Konvensiyası üzrə Monitorinq Qrupunun Bakıya səfər etdiyini vurğulayıb.

Xəbər 1654 dəfə oxundu.