Məhərrəm Sultanzadə: Daha 2 lisenziya qazana bilərik
Azərbaycan yığma komandasının üzvü Tilahun Əliyev İspaniyan paytaxtı Madriddə keçirilmiş marafon qaçışında mübarizə aparıb. Bu barədə «İdman» qəzeti və idman.com.az saytına açıqlamanı ölkəmizdə səfərdə olan 12-qat Avropa çempionu Kolin Ceksonun dünən Respublika Olimpiya Mərkəzində yeniyetmə və gənc atletlər üçün sprint və maneələrlə qaçış üzrə master klass nümayişi zamanı, millimizin baş məşqçisi Məhərrəm Sultanzadə verib. O, deyib ki, idmançımız 42 km 195 metr məsafəni 2 saat 20 dəqiqə 15 saniyəyə qayıb.
Təmsilçimiz 18 min iştirakçının qatıldığı mübarizədə 9-cu yeri tutsa da, avropalı iştirakçılar arasında 1-ci olub. İlk “10-luğ”a düşən digər atletlərlə birgə ona də medal verilib. Amma bu, onun London oyunlarına lisenziya normasını doldurmağa yetməyib. Buna Tiluhunun 2 dəqiqəsi çatmayıb. Bununla belə, baş məşqçi atletimizin lisenziya qazanmaq üçün qarşıda daha bir şansının olduğunu açıqlayıb. Həmin yarış mayın 20-də Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq.

M.Sultanzadə onu da qeyd edib ki, atletika növlərində olimpiadaya vəsiqə üçün müəyyənləşdirilən müddət iyulun 8-də başa çatacaq. Ölkəmiz Londonda 5 atletlə təmsil olunmağı planlaşdırır: «Hələlik çəkicatan Dmitri Marşin, eləcə də 3000 metr məsafəyə maneələrlə qaçış və 5000 metr məsafəyə qaçış üzrə Layeş Abdullayeva olimpiya lisenziyası qazanıb. Qarşıdakı müddətdə üç təkanla uzununa tullananımız Murad İbadullayev, 5000 metr məsafəyə qaçış üzrə Hayle İbrahimov və sprinterimiz Ruslan Abbasovdan lisenziya gözləyirik. Əlahiddə bir şey baş verməsə, adı çəkilən idmançılardan ikisi normanı yerinə yetirəcək. Əgər Ramil Quliyevin də açıq qalan məsələsi həll olunsa, olimpiya vəsiqələrimizin sayı 5-ə yüksə bilər».

KAMRAN

Xəbər 1713 dəfə oxundu.