Güləşçilərimiz üçün növbəti lisenziya turniri Çində başlayır
Aprelin 27-29-da Çinin Tayuan şəhərində dünya olimpiya təsnifat turniri keçiriləcək. İdman.com.az saytının məlumatınva görə, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Sərbəst güləş yığmamız 55 və 96 kq çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Yığma komandanın məşqçisi Elman Əsgərovun rəhbərliyi ilə Yaşar Əliyev (55 kq) və Xetaq Qazyumov (96 kq) artıq Çinə yollanıblar.

Yunan-roma güləşçiləri məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi ilə 4 çəkidə olimpiya lisenziyası hədəfləyib. Rəsul Çunayev (66 kq), Emin Əhmədov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq), Çinə yollanacaq heyətdə yer alıblar.

Qadın güləşçilər məşqçi Aslan Ağayevin rəhbərliyi ilə Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) ilə təmsil olunacaq.

Xatırladaq ki, güləşçilərimiz XXX Yay Olimpiya Oyunlarına 18 mümkün lisenziyadan 10-nu artıq əldə edib. Turnirin proqramına əsasən, aprelin 27-də sərbəst güləşçilər, 28-29-da yunan-Roma güləşçiləri, aprelin 29-da isə qadın güləşçilər lisenziyalar uğrunda yarışacaq.

Xəbər 1214 dəfə oxundu.