Futbol üzrə Azərbaycan kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunda sonuncu yarımfinalçının adına aydınlıq gəlib.

Son Azərbaycan çempionu “Qarabağ” səfərdə “Keşlə” ilə 1:1 hesablı heç-heçə edərək yarımfinala yüksəlib.

“ASK Arena”da baş tutan görüşdə hesabı meydan sahibləri açıblar. “Keşlə”nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar matçın 50-ci dəqiqəsində Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub. Matçın 90-cı dəqiqəsində "Qarabağ"ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.
Ağdamlılar evdə keçirdikləri ilk oyunda rəqiblərini 1:0 hesabı ilə məğlub etmişdilər.

Beləliklə, “Qarabağ” yarımfinalda “Qəbələ”, “Zirə” isə “Sumqayıt”la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.

Xəbər 788 dəfə oxundu.