Naxçıvanlı şahmatçılar Amerikanın “Bermuda” komandasını məğlub ediblər
Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış təşkil edilib. Yarışda Naxçıvan komandası ilə Şimali Amerikanın “Bermuda” (Hamilton) komandası qarşılaşıb.

Azerichess.az saytı vasitəsilə yayımlanan oyunda Naxçıvan komandasının heyətində 10 zəka sahibi (8 oğlan, 2 qız), rəqibin heyətində isə 5 şahmatçı ağ-qara taxtada mübarizə aparıb.

On oyundan ibarət olan görüşün nəticəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 8:2 hesabı ilə qələbə qazanıblar.

Görüşdə ən maraqlı nəticəyə isə 8 yaşlı zəka sahibimiz Ramal Həsənov imza atıb. Belə ki, o, rəqibin heyətində mübarizə aparan beynəlxalq əmsalı 1876 olan 52 yaşlı Sergey Gontçarovu məğlub edib.

Qeyd edək ki, komandamızın heyətində Nəsrin Cəfərli, Zahid Allahverdiyev, Emil Salmanov, Rasim Ağayev, Oğuz Cabbarlı, Ramal Həsənov, Fateh Məmmədov, Azərin Cəfərli, Ercan Sevdimalı və Ümid Hüseynli təmsil olunub.

Xəbər 839 dəfə oxundu.