Azərbaycan yığması cüdo üzrə “World Masters” turnirində altıncı yeri tutub
Çinin Quançjou şəhərində cüdo üzrə beynəlxalq “World Masters” turniri başa çatıb. Azərbaycan yığması turnirdə altıncı yeri tutub. Azərbaycan nümayəndəsi, 2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov 73 kq çəki dərəcəsində öz karyerasında ilk dəfə bu nüfuzlu turnirin qalibi olub. Xatırladaq ki, “World Masters” turniri öz statusuna görə dünya çempionatından sonra ikinci reytinq startı hesab edilir.

Azərbaycan yığması ümumi hesabda 47 ölkəni geridə qoyaraq 6-cı yeri tutub. Turnirdə birinci yeri Yaponiya yığması (7 qızıl, 3 gümüş və 4 bürünc medal), sonrakı yerləri Gürcüstan (2 qızıl, 1 gümüş və 2 bürünc medal) və Rusiya yığması (1 qızıl, 1 gümüş və 4 bürünc medal) tutub.

Çində keçirilmiş “World Masters” turniri cüdoçuların bu mövsümdə olimpiya təsnifatı üçün zaçot xalları toplamasından ötrü son imkan idi. Hər çəki dərəcəsində dünya reytinqinə uyğun olaraq 16 ən yaxşı atletin çıxış etdiyi bu turnirdə ölkəmizi 5 idmançı təmsil edirdi.

Rüstəm Orucov keçirdiyi dörd döyüşdən üçünü “golden score” fəndi ilə baş vurub. Cüdoçumuz əvvəlcə iranlı Məhəmməd Məhəmmədi, sonra gürcüstanlı Laşa Şavdatuaşvili, yarımfinalda isə hazırkı dünya çempionu, Koreya nümayəndəsi Çan-Qrin An qarşılaşıb və hər üç görüşdə qalib gəlib. Final döyüşünün over-taymında tətbiq etdiyi “vadza-ari” fəndi də Rüstəm Orucova qələbə sevinci yaşadıb. Bu qələbə cari olimpiya dövrəsində onun üçün dönüş nöqtəsi ola bilır.

İrina Kindzerskaya (+78 kq) medalın bir addımlığında dayanmalı olub. Dörddəbir finalda Braziliya nümayəndəsi Meriye Altemana uduzan İrina təsəlli görüşündə Ukrayna nümayəndəsi Yelizaveta Kalaninanı üstələyib, lakin bürünc medal uğrunda mübarizədə Larisa Çeriç daha güclü olub.

Azərbaycan yığmasının digər üzvləri də mükafatçılar sırasına düşə bilməyiblər. Elmar Qasımov (100 kq) elə ilk dövrədə Bencamin Fletçerə uduzub. Uşanqi Kokauri “ev mundialında” gümüş medaldan sonra start görüşündə yaponiyalı Kokoro Kaqeuraya təslim olub. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev daha irəli gedib, lakin təsəlli görüşündə Rusiya nümayəndəsi, Avropa çempionu Mixail İqolnikovun öhdəsindən gələ bilməyib.

Beləliklə, Azərbaycan yığması ümumi hesabda İspaniya, Braziliya, Monqolustan, Kanada, İsrail, Kuba və bir sıra başqa ölkələrin komandalarını qabaqlayaraq 6-cı yeri tutub. Turnirdə cəmi 22 dövlətin cüdoçuları medal qazanıb.


Xəbər 843 dəfə oxundu.