Sumqayıtda kikboksinq üzrə açıq şəhər birinciliyinə 180 idmançı qatılıb
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə Sumqayıt şəhər açıq birinciliyi keçirilib.

Açılış mərasimində çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində idmanın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycanın bütün bölgələrində ən müasir tələblərə cavab verən idman qurğuları, Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib.

Hər zaman idmana, idmançılara diqqət və qayğı ilə yanaşan Ulu Öndərin əziz xatirəsinə həsr edilən yarışların artıq bir ənənəyə çevrildiyini deyən Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev diqqətə çatdırıb ki, Heydər Əliyevin həyata keçirdiyi idman siyasəti bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır, ən mötəbər idman tədbirlərinə ev sahibliyi edir”, - deyən A.Əliyev idmançılarımızın üçrəngli bayrağımızı möhtəşəm idman arenalarında bundan sonra da dalğalandıracaqlarına əminliyini bildirib.

Yarışın açılış mərasimində kikboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə bir qrup şəxsə fəxri fərman təqdim olunub.

Açıq şəhər birinciliyində Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Gəncə, Lənkəran, Masallı, Saatlı, Salyan, Göyçay, Abşeron, Laçın, Zəngilan şəhər və rayon komandalarının heyətində 180 idmançı mübarizə aparıb.

Sonda qaliblər mükafatlandırılıb.

Xəbər 793 dəfə oxundu.