UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçına hazırlıq çərçivəsində könüllülüklə bağlı tədbir olub
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun hazırlıq prosesi çərçivəsində dekabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və müəllim heyəti ilə görüş olub.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, 250-dən çox tələbənin iştirak etdiyi görüşdə UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlı nəzərdə tutulan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirdə tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Final matçının təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA ilk dəfə özünün könüllülük proqramını təqdim edib. Bildirilib ki, könüllülük proqramına nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəs müraciət edə bilər. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərinin və sair tədbirlərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dekabrın 25-dək reallaşdırılacaq kampaniya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Odlar Yurdu, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Bakı Biznes, Azərbaycan, Azərbaycan Dillər, Bakı Slavyan, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, ADA universitetlərini də əhatə edəcək.

Xəbər 853 dəfə oxundu.