Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turniri davam edir
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin ikinci turuna start verilib.

Turnirin ikinci turu “A” qrupunda yer alan “Ağstafa” və “Sərhədçi” komandalarının oyunu ilə start götürüb. Görüş sərhədçilərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda “Murad” komandası ilə “Buta Golden” üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Buta Golden” komandası 5:1 hesabı ilə qalib gəlib.

İlk turda sərhədçilər “Buta Golden”i (6:1), “Murad” isə “Ağstafa”nı (7:0) məğlub etmişdi.

Günün üçüncü qarşılaşması “B” qrupunda yer alan “Qarabağ” və “Omar” komandaları arasında oynanılıb. Görüş 3:0 hesabı ilə “Omar” komandasının xeyrinə başa çatıb.

Qrupun digər oyununda “Polad” və “Köhlən” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Görüş birincilərin 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “B” qrupunun ilk turunda “Qarabağ” komandası “Köhlən”ə (3:1), “Omar” isə “Polad”a (1:0) qalib gəlmişdi.

Qeyd edək ki, çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin üçüncü turu dekabrın 14-də keçiriləcək. Yarımfinal oyunları isə dekabr 22-də təşkil olunacaq. Azərbaycan Respublikası Atçılıq Federasiyasının reqlamentinə əsasən, “A” qrupunun qalibi “B” qrupunun ikincisi, “B” qrupunun birinci isə “A” qrupunun ikincisi ilə üz-üzə gələcək. Final dekabrın 23-də təşkil olunacaq.

Xəbər 207 dəfə oxundu.