Milli Gimnastika Arenası bu dəfə “Qızıl Yaş” gimnastika şousuna ev sahibliyi edib
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarına yekun vurulub. Dörd gün davam edən turnirdə 300-ə yaxın gimnast bacarığını nümayiş etdirib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın sonuncu günündə Arenada əsl gimnastika bayramı yaşanıb. Səbirsizliklə gözlənilən “Qızıl Yaş” adlı şou tamaşaçıların böyük marağına səbəb olub. Milli komandanın və bir sıra gimnastika klublarının məşqçiləri məsuliyyətli çıxışa bir neçə gün ərzində hazırlaşıblar. Gimnast karyeralarını illər öncə bitirmələrinə baxmayaraq, onlar bu dəfə izləyicilərinin və yetirmələrinin qarşısında öz kompozisiyalarını yüksək səviyyədə yerinə yetiriblər.

Günün ən həyəcanla gözlənilən məqamı isə milli komandanın baş məşqçisi Mariana Vasilevanın çıxışı olub. Xalça üzərində öz kompozisiyasını ecazkar şəkildə icra edən baş məşqçi enerjisi və çevikliyi ilə illərə meydan oxuyub. Tamaşaçılar bütün çıxışları alqışları ilə dəstəkləyərək, zalda böyük ruh yüksəkliyi yaradıblar.

Bir-birindən maraqlı kompozisiyalar icra edən və meydançada qüsursuz olmağa çalışan şounun iştirakçıları, sözün əsl mənasında, peşəkarlıqlarını və gimnastikaya sonsuz sevgilərini bir daha göstəriblər. Yeni nəsil gimnastları həvəsləndirmək məqsədilə hazırlanan kompozisiyalara bu idman növünün bütün incəliklərini sığdırmağa çalışan məşqçilər bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəliblər.

Xəbər 948 dəfə oxundu.