Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jeksonu qəbul edib
Bu gün gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jekson, İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru, tanınmış idman jurnalisti Devid Devis və “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeyi qəbul edib.

Nazir qonaqları salamladıqdan sonra onların Azərbaycan idmanına, xüsusən paralimpiyaçılara olan diqqətinin önəmindən danışıb. Bununla yanaşı Azad Rəhimov Azərbaycan idmanında qazanılan qələbələr, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğı, 2012-ci ilin ölkə başçısının sərəncamı ilə “İdman ili” elan olunması, London Yay Olimpiya oyunlarına hazırlıq, Bakının 2020-ci il üçün Olimpiya və Paralimpiya oyunlarına namizəd şəhər olması barədə məlumat verib.

Azad Rəhimov Azərbaycanın bu il ilk dəfə olaraq olimpiya oyunlarında velosiped, avarçəkmə idman növləri ilə də təmsil olunacağını vurğulayaraq, eyni zamanda otüstü hokkey, açıq suda üzgüçülük, kamandan oxatma idman növlərindən də lisenziya gözlədiyini, atletika idman növündə də qazanılan qələbələrin sevindirici hal olduğunu bildirib.

Nazir fəaliyyət göstərən olimpiya komplekslərindən soz açaraq bildirib ki, bu il Cəlilabad və Qobustanda da Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub. Bunula yanaşı nazir 2013-cü ildə Şirvan, Xaçmaz, Qax, Göy-Göl rayonlarında da Olimpiya komplekslərinin tikilməsinin planlaşdırıldığını, hal-hazırda ölkədə Olimpiya stadionunun, Gimnastika Kompleksinin, boks, cüdo mərkəzlərinin tikintisinin getdiyini diqqətə çatdırıb.

Azad Rəhimov bildirib ki, bu il ölkəmiz üçün sözün əsl mənasında önəmli ildir. Buna “Eurovision” mahnı müsabiqəsini, 17 yaşında qızlar arasında futbol üzrə dünya çempionatını, Bakinin 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində böyük addımlar atmasını, London Yay Olimpiya oyunlarına hazırlığı misal gətirmək olar.

Qonaqlar da öz növbəsində bu gün Azərbaycanda idmanın inkişafının göz önündə olduğunu, Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha böyük qələbələrə imza atdıqlarını, idmanla məşğul olan gənc nəslin daha çox yetişdiyini xüsusi olaraq vurğulayıblar.

Qeyd edək ki, qonaqların ölkəmizə səfərinin əsas məqsədi “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkil etdiyi Azərbaycanda Beynəlxalq İdman Həyəcanı İrsinin iki illik yubileyinə qatılmaqdır.

Xəbər 1813 dəfə oxundu.