Binə Atçılıq Mərkəzində “Elite Horse & Polo Club” kuboku turnirinə yekun vurulub
Dekabrın 9-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” kubokunun turnirinə yekun vurulub.

İkinci mərhələdə S kateqoriyası üzrə təşkil olunan yarışda hər yaş qrupundan olan idmançılar iştirak edib. Maneələrin hündürlüyü 130-140 sm olan yarışda Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Buta Golden” klubunun idmançısı Yahor Morotski ikinci, “Elite Horse & Polo Club”un idmançısı Kənan Novruzov “Cera 59” ləqəbli atla üçüncü yeri tutub.

Beləliklə, iki gün davam edən “Elite Horse & Polo Club” turnirinə yekun vurulub.

Qeyd edək ki, dekabrın 8-də E və M kateqoriya üzrə yarış keçirilmişdi. E kateqoriyası üzrə yarışda 20 yaşadək yeniyetmə idmançılar hündürlüyü 80 santimetr olan maneələri dəf etmək üçün məharətlərini göstəriblər. Bütün yaş qruplarını əhatə edən M kateqoriyasında isə ən hündür maneə 120 santimetr olub.

E kateqoriyası üzrə yarışda Sərhədçi Atçılıq Klubunun idmançısı “Wasab 1” ləqəbli atla birinci, Dünyamalı Qurbanbəyov “Val Paulo” ləqəbli atla isə ikinci olub. Üçüncü yeri Omar Atçılıq Klubunun idmançısı Nurlan Rüstəmov “Emily Du Barbour” ləqəbli atla qazanıb.

M kateqoriyası üzrə yarışda fəxri kürsün ən yüksək pilləsinə Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla qalxıb. “Cera-59” ləqəbli atla Kənan Novruzov ikinci, “Lorio” ləqəbli atla isə Anar Balahüseynov üçüncü olub.

Xəbər 1278 dəfə oxundu.