Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatının başqa ölkələrlə birgə keçirilməsi ehtimalını təkzib edib
Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatının birgə keçirilməsi haqqında başqa ölkələrlə danışıqlar aparmayıb.

Bunu 2022-ci il dünya çempionatının təşkilat komitəsinin baş katibinin müavini Naser al-Xater bildirib.

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino noyabrın sonunda Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində bildirib ki, iştirakçı komandaların sayı 32-dən 48-ə qədər artırılacağı halda turnirin bir sıra matçları qonşu ölkələrdə keçirilə bilər.

Al-Xater deyib: “Biz oyunların birgə keçirilməsi haqqında heç bir ölkə ilə danışıqlar aparmamışıq”.

Qətər futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk Yaxın Şərq ölkəsi olacaq. Turnir ilk dəfə olaraq qış fəslində (noyabrın 21-dən dekabrın 18-dək) keçiriləcək. Hazırda nəzərdə tutulur ki, 2026-cı il dünya birinciliyi 48 komandanın iştirak edəcəyi birinci turnir olacaq. Bu komandalar 16 qrupa bölünəcək, hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə çıxacaq. 2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

2017-ci ilin yayında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Dohanı terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda ittiham edərək Qətərlə diplomatik əlaqələri kəsdiklərini bildirdilər. Bunun ardınca Qətərə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq edildi. Həmin ölkələr öz hava məkanlarını Qətər aviasiyası üçün bağladılar. Qətər ərəb qonşuların bu qərarını əsassız hesab edir.

Xəbər 793 dəfə oxundu.