“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Xaçmazda
AFFA-nın və Xaçmaz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 05 dekabr 2018-ci il tarixdə Xaçmaz Olimpiya İdman Kompleksində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçıvəsində növbəti tədbir keçirilmişdir.

Tədbirdə AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Xaçmaz rayonundan seçilmiş deputat İlham Əliyev, Xaçmaz Rayon İH Başçısının müavini Samir Nemətov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Gülməmmədova, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili İlham Əliyev, Rayon İH Başçısının müavini Samir Nemətov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Gülməmmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, “Açıq Əyləncəvi Futbol Məktəbləri” – uşaq futbolunun inkişafına xidmət edən bir layihədir. “Azərbaycanda 12 ildir ki, icra olunan layihədən ümumilikdə 25 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində uşaqlara təmənnasız olaraq xüsusi idman geyimləri, futbol topları paylanılır. Azərbaycanda icra olunan “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin istiqaməti isə bir az fərqlidir. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə istedadlı uşaqların üzə çıxarılmasına çalışırıq. Həmin istedadlı uşaqlar bizim müxtəlif klubların nəzdində olan akademiyalara cəlb olunacaqlar və peşəkar futbolçu kimi yetişdiriləcəklər. Bu da milli kadrların yetişməsinə xidmət edəcək”.

Tədbirin sonunda uşaqlara müxtəlif idman geyimləri və idman ləvazimatları paylanılıb. Xaçmazın müxtəlif uşaq futbolu komandalarının təqdimatında idman hərəkətləri izlənilib. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 825 dəfə oxundu.